Xəzər dənizində döyüş atışlı təlimlər – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

İctimai Rəy xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin Komanda İdarəetmə Məntəqəsində olub, burada mərhələlər üzrə yerinə yetirilən tapşırıqlar haqqında komandir heyətinin məruzələrini dinləyib.

Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimin başlıca məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirilib.

Təlim çərçivəsində axtarış-xilasetmə tədbirləri və qəzalı gəminin təxliyəsi üzrə fəaliyyətlərin icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib. Döyüş atışlı taktiki təlimdə əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələri arasında qarşılıqlı əlaqənin təşkilinə, uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsinə yönəldilib.

Təlimin gedişatını izləyən müdafiə naziri şəxsi heyətin peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların icrasını müsbət qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Comments are closed.

Tərcümə »