Putinlə Trampın görüşünün vaxtı və danışıqların əsas mövzuları AÇIQLANDI

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüş proqramı artıq razılaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya liderinin köməkçisi Yuri Uşakov danışıb.

“Görüş bildiyiniz kimi, Alyaskada, Ankoricdə baş tutacaq və xüsusilə Elmendorf-Richardson müştərək hərbi bazasının binalarından biri istifadə olunacaq”, – o qeyd edib.

Uşakovun sözlərinə görə, dövlət başçıları əvvəlcə təkbətək danışıq aparacaqlar. Sonra iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin də iştirak edəcəyi işçi səhər yeməyi formatında danışıqlar baş tutacaq.

Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olacaq. Bundan əlavə, Putin və Tramp aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Rusiya və Amerika liderlərinin ikitərəfli əməkdaşlıqla bağlı məsələlərə toxunacağı gözlənilir. Xüsusilə, ticarət və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqə.

Rusiya Federasiyası və ABŞ prezidentlərinin Alyaskada görüşü avqustun 15-də yerli vaxtla təxminən 11:30-da (Bakı vaxtı ilə təxminən 23:30) baş tutacaq.

Putin və Trampın danışıqları “5-ə 5” düsturuna əsasən aparılacaq. Rusiyanın Alyaskadakı danışıqlar qrupuna Uşakov, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxildir.

Danışıqlar başa çatdıqdan sonra Rusiya nümayəndə heyəti Rusiyaya qayıtmağı planlaşdırır.

Comments are closed.

Tərcümə »