Cənubi Qafqazda YENİ DÖVR: İqtisadi potensialın kilidi açılır

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 8 avqust 2025-ci ildə Ağ Evdə birgə Bəyannamə imzalayıblar. Bu sənəd illərlə davam edən münaqişəni sona çatdırmaq istiqamətində böyük irəliləyiş kimi qiymətləndirilir. Bəyannamə hələlik yekun sülh müqaviləsi deyil. Qalan detallarla bağlı hələ işlər görülməli, eləcə də Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilməlidir.”

Musavat.com xəbər verir ki, bu barədə məşhur “Ne Global Brussels”də məqalə dərc bildirilib.

Həmin məqalənin tam mətnini təqdim edirik:

ABŞ Dövlət Departamenti açıqlamasında bu razılaşmanın “Hər iki ölkənin irəliləməsi və Cənubi Qafqaz regionunun iqtisadi potensialının açılması üçün imkan yaratdığını, bunun ticarət əlaqələrini və həm ABŞ, həm də Ermənistan və Azərbaycan üçün rifahı təmin edəcəyini” bildirib.

8 avqustdakı açıqlama Trampın 15 avqustda Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi elanından az əvvəl gəlib.

zdxvbgbfgn.png (651 KB)

ABŞ Prezidenti Tramp Ağ Evdə imzalanan sənədləri “tarixi” adlandırsa da, Bakı və İrəvan 2023-cü ilin dekabrından (Dubayda COP28 sammitində) birbaşa dialoqa başlayaraq, iki il ərzində yekun sülh müqaviləsinə çox yaxınlaşıblar ki, bu da uzun illər davam edən üçüncü tərəflərin müdaxiləsi ilə aparılan danışıqlara nisbətən böyük irəliləyişdir.

Əsas dönüş nöqtəsi iyulun 10-da Abu Dabi görüşü olub, burada Paşinyan və Əliyev sülh sazişinin mətnini yekunlaşdırıblar.

“Bu gün Qafqazda sülhü təmin edirik,” — Əliyev Ağ Evdə bildirib. “Biz illərlə müharibə, işğal və qan tökülməsi ilə məşğul idik.” Ermənistan baş naziri isə bu anı “əlaqələrdə mühüm mərhələ” adlandırıb.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, imzalanan razılaşmalar illərlə davam edən münaqişənin sona çatdırılması üçün önəmli irəliləyişdir. “Hər iki tərəfi və ABŞ administrasiyasını alqışlayırıq və razılaşmanın vaxtında icrasını, o cümlədən sülh müqaviləsinin imzalanması və ratifikasiyasını təmin etmək vacibdir,” – Avropa Şurası bəyanatında vurğulanıb.

Bəyannamə iki ölkə arasında tam normalizasiya üçün əhəmiyyətli addımdır və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətə dayanır. Aİ-nin sözlərinə görə, bu addımlar regionda sülhün inkişafına müsbət təsir göstərəcək və münaqişədən təsirlənmiş cəmiyyətləri dayanıqlı sülh və ortaq rifah istiqamətində yaxınlaşdıracaq.

Aİ Ermənistan-Azərbaycan normalizasiya prosesini tam dəstəkləyir və uzun illərdir tərəflərlə, beynəlxalq tərəfdaşlarla sülhün bərqərar olması üçün çalışır. Aİ növbəti mərhələlərin praktik icrası üçün əlavə dəstək və ekspertiza verməyə hazırdır.

Azərbaycan Prezidentinin Xüsusi Tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov NE Global-a açıqlamasında bildirib ki, Vaşinqtonda imzalanan Bəyannamə Azərbaycanın sülh gündəliyini təsdiq edir. “Sənəddə Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün əlavə tədbirlərin görülməsi zərurəti qeyd olunub. Bu isə Ermənistan konstitusiyasına dəyişikliklər edilməsini tələb edir ki, hələ də Azərbaycan ərazilərinə dair olan iddialar aradan qaldırılsın,” – deyə Əmirbəyov vurğulayıb.

NATO Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişi alqışlayıb və ABŞ Prezidentinə təşəkkür edib: “Bu, normalizasiya və regionun təhlükəsizliyi üçün mühüm addımdır. NATO tərəfdaşlarımızla işləməyə davam edəcək.”

qutteres.png (82 KB)

BMT Baş katibi Antonio Quterreş də Bəyannaməni “mühüm mərhələ” adlandıraraq, hər iki tərəfin dialoq və etimad qurma səylərini alqışlayıb və ABŞ Prezidenti Trampın bu prosesdə vasitəçiliyini qeyd edib.

Regionda əlaqələrin və enerji ixracatının inkişafı

Ağ Ev bildirir ki, razılaşmanın tərkib hissəsi kimi, ABŞ Ermənistan ərazisindən keçən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan muxtar Respublikası arasında tranzit koridorunun yaradılmasına kömək edəcək. ABŞ bu koridora “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP)” adını verib və onun inkişafında eksklüziv hüquqlara malik olacaq.

pasik .png (550 KB)

Paşinyan X platformasında ABŞ-la əməkdaşlığın genişlənməsini yüksək qiymətləndirərək, “böyük xalqlarımızın maraqlarına xidmət edəcək güclü regional əlaqələr üçün əla fürsət” olduğunu bildirib.

“Əsas sülh müqaviləsinin imzalanması onilliklərdir davam edən münaqişəni sona çatdıracaq, bölgədə nəqliyyat əlaqələrinin açılması, o cümlədən TRIPP – Sülh və Rifah üçün Tramp Yolu – uzunmüddətli iqtisadi faydalar yaradacaq,” – Paşinyan vurğulayıb.

TRIPP koridoru, əvvəllər Zəngəzur koridoru kimi tanınan, malların və insan hərəkətinin təmin edilməsi üçün dəmir yolu xəttini də əhatə edəcək və amerikalı şirkət tərəfindən idarə olunacaq. Bu yeni yol Azərbaycanın Naxçıvana və oradan Türkiyəyə daha qısa və birbaşa marşrut təmin edəcək.

Azərbaycan Dəmir Yollarının Kommunikasiya və ESG Direktoru Türkhan Əhmədov deyib: “Razılaşma Azərbaycanın Avropa-Asiya əlaqələrinin mərkəzində rolunu təmin edir və böyük logistika, infrastruktur və enerji investisiyalarına qapı açır. Bu, sülhün gətirə biləcəyi rifah və əməkdaşlığın ümidverici göstəricisidir.”

Əmirbəyov NE Global-a bildirib ki, bəyannamədə xüsusi olaraq Ermənistan ərazisində bu xüsusi əlaqə layihəsi – TRIPP-in həyata keçirilməsi qeyd olunub. Bundan əlavə, Minsk prosesi və onunla bağlı strukturların bağlanması ilə bağlı Ümumdünya Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədri ilə birgə müraciət sülhə mane olan əsas əngəllərdən birinin aradan qaldırılmasıdır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh razılaşması tarixi önəm daşıyır. O, Qazaxıstanın da bu kimi mühüm sənədlərin qəbulunda iştirak etdiyini və əsas parametrlərin müzakirəsi üçün Almatını təklif etdiyini vurğulayıb.

Bununla yanaşı, 7 avqustda Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cəbrayılov və ABŞ-ın ExxonMobil şirkətinin vitse-prezidenti Con Ardill SOCAR və ExxonMobil arasında əməkdaşlıq memorandumunu imzalayıblar. Sənəddən sonra İlham Əliyev və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff danışıblar və iki ölkə arasında strateji əməkdaşlıq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regional sülh gündəliyi müzakirə edilib.

Rusiyanın və İranın reaksiyaları

Moskva Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da görüşünü müsbət dəyərləndirsə də, Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova X platformasında yazıb ki, “region xarici aktorların iştirakı sülh gündəliyinin güclənməsinə xidmət etməli, çətinlik yaratmamalıdır.”

Eyni zamanda, 10 avqustda Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski birgə bəyanatla “Rusiyanın Ukraynadakı SOCAR neft anbarına və digər Azərbaycan obyektlərinə, o cümlədən Azərbaycanın Ukraynaya qaz nəql edən stansiyasına yönəlik məqsədli hava zərbələrini qınadıqlarını” bildirərək, bunun Azərbaycan-Ukrayna enerji əməkdaşlığını dayandırmayacağını vurğulayıblar.

İran isə 9 avqustda Qafqaz üzrə təklif olunan sazişi bloklamaqla hədələyib. İran mediasının məlumatına görə, İranın ali rəhbərinin baş məsləhətçisi Əli Əkbər Vilayəti bunun necə həyata keçiriləcəyi dərhal məlum olmasa da, Tehranın təhlükəsizliklə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edib. Reuters-in xəbərinə görə, İranın şimal-qərbində keçirilən hərbi təlimlər regionda geosiyasi dəyişikliklərin qarşısını almaq üçün İranda iradə və hazırlığın olduğunu nümayiş etdirib. Ehtimal olunur ki, yeni Türkiyə-Azərbaycan nəqliyyat dəhlizi Tehran üçün təhlükə kimi qəbul edilir.

Comments are closed.

Tərcümə »