Vaşinqton görüşünün nəticələri onu göstərir ki, Azərbaycan diplomatiya həmləsinin bu mərhələsindən də maksimum qazanclı çıxdı
Sülhə müəlliflik etmək, sülhün memarı olmaq şərəfli olduğu qədər də, həddindən artıq çətin missiyadır. 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin 19-20 sentyabrındakı 23 saatlıq çevik antiterror əməliyyatının məntiqi nəticəsi olaraq qalib ölkə ilə məğlub ölkə arasında qalıcı sülhün bərqərar olmasıyla çoxillik münaqişə dövrü yekunlaşmalıydı. Bununçünsə tərəflər arasında uzun və mürəkkəb danışıqlar prosesi baş tutmalı, mövqelərin yaxınlaşdırılması, mübahisəli məsələlərin razılaşdırılması addım-addım irəli aparılmalı, yekun sülh sazişi üçün əlverişli zəmin yaradılmalı idi. Bu baxımdan ötən gün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü və Birgə Bəyannamənin imzalanmasını yekun sülh sazişinə gedən yolun sonuncu – həlledici mərhələsi hesab etmək olar. Bu görüş və anlaşma birmənalı surətdə Azərbaycanın növbəti siyasi uğuru, diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Çünki uzun illər davam edən danışıqlarda Azərbaycanın mövqeyi prinsipial olaraq qorunduğu kimi, Vaşinqton görüşlərinin nəticəsində əldə olunan razılaşmalar da tam olaraq milli-strateji maraqlarımıza uyğundur.
Azərbaycan və Ermənistan bu mərhələyə çatmaq və Vaşinqton anlaşmasına imza atmaq üçün son 5 ildə (44 günlük Vətən müharibəsindən sonra) həqiqətən də çox uzun və təlatümlü, riskli bir yol keçiblər. Bu yolun əsas bələdçisi, lokomotivi, aparıcı qüvvəsi də məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu. O, özünün gərgin əməyi, siyasi-diplomatik təcrübəsi və strateji zəkası sayəsində 44 günlük müharibədəki böyük Zəfərimizi masadakı Qələbə ilə uzlaşdırmağı və yekun Sülh üçün etibarlı zəmin yaratmağı bacardı. Bəli, bu prosesdə İlham Əliyevin rolu əvəzedilməzdir və biz onu qeydsiz-şərtsiz olaraq həm hərbi Zəfərin, həm də Böyük Sülhün memarı adlandırmaqda tam haqlıyıq. Azərbaycan Prezidenti bu uğuru ilə göstərdi ki, o, təkcə bu günün lideri deyil, həm də bütün gələcək nəsillərimizin işıqlı sabahını düşünən dövlət başçısıdır.
Beləliklə, uğurlu nəticələrə vəsilə olan Vaşinqton anlaşması tarixdə ŞƏXSİYYƏTİN ROLU faktorunu, İlham Əliyevin diplomatik məharətini bir daha önə çıxardı. Məhz İlham Əliyevin qətiyyətli iradəsinin, titanik səylərinin nəticəsində sülh prosesi bu nöqtəyə gəlib yetişdi və həm tez-tez mövqeyini dəyişən, müxtəlif qlobal güc mərkəzlərinin himayəsinə sığınaraq sülh prosesini süni surətdə ləngidən Ermənistan rəhbərliyini sonda Azərbaycanın iradəsi ilə hesablaşmağa, bizim diktə etdiyimiz sülh gündəliyini qəbul etməyə məcbur etdi, həm də bir-birilə maraqlı toqquşan geosiyasi aktorların, böyük dövlətlərin danışıqlar prosesindən uzaqlaşdırılmasına və vasitəçisiz danışıqlar formatının tətbiqinə nail oldu. Bütün bunlar sonda Vaşinqton anlaşmasının imzalanmasıyla nəticələndi. Vaşinqton görüşü göstərdi ki, qalib ölkənin siyasi lideri düzgün strategiya əsasında hərəkət etməklə və milli maraqlar naminə axıra qədər dönməzlik, qətiyyətlilik göstərməklə hətta 200 illik münaqişəni, ədavəti də sonda sülh yoluyla ilə dayandırmağa və tamamilə yeni səhifə açmağa nail ola bilər.
Bəs, üçtərəfli Vaşinqton anlaşmasının imzalanması ilə Azərbaycan nəyə nail oldu, dövlətimizin başçısı hansı hədəfləri gerçəkləşdirdi? Faktiki olaraq bu anlaşma ilə Azərbaycan əslində bütün strateji hədəflərinə çatmış oldu. Vaşinqtonda keçirilən taleyüklü görüşün böyük tarixi əhəmiyyətini Birgə Bəyannamədə yer alan əsas müddəalardan da aydın görmək mümkündür. Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bu sənəd – “Sülh və Əməkdaşlıq üzrə Vaşinqton Bəyannaməsi” həm Cənubi Qafqaz regionunda yeni geosiyasi arxitekturanın formalaşmasına, həm də bölgədə yeni dövrün başlanğıcına rəvac verəcək nəticələr baxımından mühüm əhəmiyyət daşıyır.
ATƏT-in Minsk Qrupu və onun strukturlarının ləğvinin razılaşdırılması, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP adlandırılan Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın maraqlarına tam uyğun formatda Naxçıvana maneəsiz gediş-gəlişin təmin ediləcəyinə zəmanət verilməsi, ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi kimi olduqca mühüm razılaşmalar dünən Vaşinqtonda imzalanan Birgə Bəyannamədə öz əksini tapmaqla Azərbaycanın qazandığı əsas uğurlar hesab olunur. Bütün bu razılaşmalar onu göstərir ki, Azərbaycan Ermənistanla normallaşma və sülh prosesində bütün əsas tələblərinin yerinə yetirilməsinə birmənalı surətdə nail oldu. Ona görə də qəti əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev həm Donald Trampla ikitərəfli razılaşmalara nail olmaqla, həm də üçtərəfli Birgə Bəyannaməni imzalamaqla bir tərəfdən ABŞ-Azərbaycan münasibətlərində tarixi dönüşün əsasını, yeni strateji mərhələnin başlanğıcını qoydu, digər tərəfdən isə, Azərbaycanın yalnız bu gününü deyil, gələcəyini də düşünən bir lider kimi ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanların əldə edilməsinə yol açdı.
İlham Əliyev və Nikol Paşinyanın Donald Trampla birgə imzaladıqları sözügedən sülh bəyyanaməsi yekun sülh sazişinin imzalanmasına gedən yolun kənar güclərin, maraqlı tərəflərin süni maneəçiliklərinin qarşısının alınması, neytrallaşdırılması baxımından da olduqca əhəmiyyətlidir. Lap yaxın gələcəkdə iki dövlət arasında yekun sülh sazişinin bağlanmasına gətirib çıxaracaq Birgə Bəyannamənin müddəalarının icrası Rusiyanın və İranın pozuculuq fəaliyyətlərini minimallaşdırmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz regionunun sürətli iqtisadi inkişafına səbəb olacaq. Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Tramp Marşrutu”nun açılması həm nəqliyyat-kommunikasiya əlaqələrini bərpa edəcək, həm də bütövlükdə regionun ticarət və iqtisadi yüksəlişinə mühüm töhfə verəcək. Bu mənada “Tramp Marşrutu” sadəcə nəqliyyat dəhlizi deyil. Bu dəhliz bütün bölgənin iqtisadi xəritəsini dəyişdirəcək həyat arteriyasıdır.
Bu yolun işlək hala gəlməsi Rusiya və İranın regiondakı təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, 100 ildən çoxdur ki, parçalanmış vəziyətdə olan Türk dünyasının quru yolla birləşdirilməsinə imkan yaradacaq. Eyni zamanda, bu dəhliz vasitəsilə Çin və Türküstan (Mərkəzi Asiya) mallarının Avropa bazarlarına daha sürətli və sərfəli çatdırılması təmin olunacaq. Nəticədə ölkəmiz dünyanın əsas tranzit mərkəzlərindən birinə çevriləcək. Bir sözlə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması Azərbaycanın həm tranzit imkanlarını, həm də geoiqtisadi rolunu əhəmiyyətli dərəcədə artıracaq. Belə ki, yeni iqtisadi əməkdaşlıq imkanları, yeni enerji layihələri, texnologiya transferi və beynəlxalq bazarlara çıxış Azərbaycanın mövqeyini regionda daha da gücləndirəcək.
Ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan və ABŞ liderləri tərəfindən ayrıca olaraq iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasını formalaşdırmaq məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması Bakı ilə Vaşinqton arasında münasibətlərin institusional çərçivəsini daha da genişləndirdi. Bu addımın atılması hər iki dövlətin siyasi-iqtisadi münasibətlərini yeni mərhələyə daşıyaraq enerji, təhlükəsizlik, iqtisadiyyat və kommunikasiya, terrorizmlə mübarizə, Süni İntellekt sahələrində qarşılıqlı əməkdaşlığı daha dərin və məqsədyönlü hala gətirəcək. Anlaşma Memorandumunun əsasında qarşıdakı 6 ay ərzində hazırlanacaq Strateji Tərəfdaşlıq Xartiyası ABŞ-Azərbaycan münasibətlərində sözün əsl mənasında inqilabi dönüş yaradacaq ki, bu da hər iki tərəfin ciddi siyasi iradəsini nümayiş etdirir.
Həmçinin, bunu da xüsusi olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyev və Donald Tramp arasında şəxsi təmaslardakı səmimilik və qarşılıqlı ehtiram da ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni, daha geniş mərhələyə keçməsində olduqca mühüm rol oynayır. Hiss olunur ki, hər iki xarizmatik lider qarşılıqlı etimada söykənən münasibətlərə ciddi önəm verir. Prezident İlham Əliyevin diplomatik ustalığı ilə yanaşı, səmimi münasibətlər qurmaq bacarığı iki ölkə liderlərinin gələcək böyük dostluğu üçün zəmin yaratdı. Eyni zamanda, cənab Trampın ölkəmizə qarşı tətbiq edilmiş 33 illik ədalətsiz sanksiyaları aradan qaldırması ABŞ-ın Azərbaycanla əməkdaşlıqda yeni və qarşılıqlı faydaya əsaslanan kursa keçdiyini göstərir. “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin Prezident Donald Trampın qərarı ilə dayandırılması onun həm İlham Əliyevə və Azərbaycana qarşı nümayiş etdirdiyi yüksək hörmətin göstəricisidir.
Vaşinqtonda baş tutan müzakirələr və imzalanan sənədlər həm də onu göstərdi ki, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi istiqamətində prosesin irəlilədilməsi artıq geridönməz xarakter alıb. Bu isə öz növbəsində həm bölgədə, həm də dünyada yeni prosesin başlanğıcı deməkdir. Ona görə də ötən gün Vaşinqtonda imzalanan Birgə Bəyannaməni “İkinci Kemp-Devid sazişi” və ya “İkinci Deyton sazişi” adlandıran siyasi müşahidəçilər əsla yanılmırlar. Çünki adları çəkilən hər iki tarixi saziş vaxtilə Yaxın Şərqdə və keçmiş Yuqoslaviya məkanında bu regionların taleyini dəyişdirən və onilliklər boyu davam edən münaqişələri dayandıran sülhün təmin edilməsində həqiqətən də həlledici rol oynayıb. Məhz bu sazişlər bir çoxları üçün mümkün görünməyən sülhü reallığa çevirdi və ABŞ diplomatiyasının ən böyük nailiyyətlərindən biri kimi tarixə düşdü.
Ümid edirik ki, ötən gün Trampın iştirakilə Ağ Evdə imzalanan Birgə Bəyannamə də tezliklə Cənubi Qafqaza böyük Sülhün gətirilməsində önəmli rol oynayacaq. Ermənilər də artıq revanşizm hisslərindən tamamilə əl çəkməli və Vaşinqton görüşünün nəticələrini düzgün dəyərləndirməlidirlər. Çünki Vaşinqton Bəyannaməsi təkcə Azərbaycanın Zəfərinin təsdiqi deyil, bu, həm də Ermənistan üçün tarixi fürsətdir. İşğalçılıq siyasəti üzündən hələ də blokada vəziyyətində qalmaqda olan Ermənistan artıq böhrandan çıxmaq və öz qonşuları ilə normal münasibət qurmaq imkanı qazanır. Ona görə də ənənəvi erməni təfəkkürü artıq bölgədə sülhün və tərəqqinin qarşısında əngələ çevrilməməlidir. Çünki tarix ikinci dəfə ermənilərə belə bir fürsət verməyəcək.
Bu gün Azərbaycan və Ermənistan liderlərinin bölgəyə sülh gətirmək təşəbbüslərinə dünyada da hər kəs dəstək verməlidir. Dövlətimizin başçısının Vaşinqtonda qazandığı böyük qələbə isə tarix dərsliklərində qızıl hərflərlə yazılacaq bir hadisədir. Biz bu gün doğrudan da tariximizin ən şanlı, ən şərəfli səhifələrini yazırıq. Azərbaycan lideri Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını kökündən dəyişən addımlar atır. Həmçinin ABŞ Prezidenti də Cənubi Qafqazla bağlı sülh prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana sıx dəstək verir. Bu baxımdan sülhü və əməkdaşlıq naminə göstərdiyi səylərə görə Donald Trampa da dərin təşəkkür düşür.
ABŞ liderinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müddəalarının paraflanması həqiqətən də mühüm hadisədir. ABŞ kimi güclü dövlətin zəmanəti ilə Azərbaycan-Ermənistan sülh gündəliyi tezliklə real sülhə çevrilə bilər. Vaşinqton görüşünün nəticələri onu göstərir ki, Azərbaycan diplomatiya həmləsinin bu mərhələsindən də maksimum qazanclı çıxdı. Dövlət və millət olaraq biz bu görüşdə nələri əldə edə bilərdiksə, hamısını qazandıq. Ona görə də bu tarixi nailiyyət münasibətilə həm dövlətimizin başçısını, həm bütün xalqımızı ürəkdən təbrik edirəm. Uğurlarımız davamlı olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.