“Ulduz qapısı” – amerikalılar SSRİ ilə mübarizə üçün falçı ordusu yaradıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Sovet İttifaqının, yumşaq desək, qeyri-standart kəşfiyyat metodlarından istifadə etdiyi barədə məlumat aldıqda, hərbi komandanlıq dərhal eyni şəkildə cavab vermək qərarına gəlib. Söhbət yeni silahlardan və ya hansısa xüsusi texnikanın tətbiqindən getməyib. Məhz o zaman, 1970-ci illərdə ABŞ-da xüsusi bir bölmə meydana çıxıb.

“Ulduz qapısı” adlanacaq layihənin iştirakçıları paranormal qabiliyyətə malik insanlar olub. Beləcə, ABŞ ordusunda xidmətə “döyüş falçıları” cəlb edilib.

Dünyanın müxtəlif ölkələrinin xüsusi xidmət orqanları hər zaman qeyri-adi və paranormal qabiliyyətə malik insanların xidmətindən yararlanmaq istəyiblər.

falc-2.jpg (202 KB)

Hətta uzaq keçmişdə hökmdarların öz “sehrbazları” və taleyi proqnozlaşdıran, dəyərli məsləhətlər verən münəccimləri (astroloqları) olub. Zaman dəyişsə də, bu cür insanlara tələbat bitməyib. 1970-ci illərdə nüvə silahına malik iki aparıcı dövlət artıq dünyada aydın görünüb. SSRİ və ABŞ dünya siyasətinin tərəzisini öz xeyrinə çevirməyə çalışaraq, hər sahədə rəqabət aparıblar. Rəqiblərdən birinə güc, digərini isə zəiflədə bilən əsas üstünlük informasiya olub.

1970-ci ildə ABŞ kəşfiyyatı Sovet İttifaqının artıq ekstrasenslərin qabiliyyətlərindən istifadə olunduğuna dair xəbər alıb. Amerikalılar hətta SSRİ-də bu cür proqramların maliyyələşdirilməsinə hər il 300 milyon rubla yaxın xeyli vəsait ayrıldığı barədə məlumat əldə ediblər. MKİ hesab edib ki, sovet mütəxəssisləri hətta bu sahədə qabağa gediblər. Ola bilsin ki, adı bütün dünyada tanınan məşhur bolqar falçı Vanqa atəşin üzərinə yanacaq töküb.

falc-4.jpg (219 KB)

Kəşfiyyat fəaliyyətində “sehrbazların” effektivliyi bu gün də müzakirə mövzusudur. Amma o zaman ABŞ SSRİ-dən gələn xoşagəlməz xəbəri son dərəcə ciddi qəbul edib. “Ulduz qapısı” layihəsi üzərində iş 1972-ci ildə başlayıb. Hərbi mütəxəssislərin məqsədi paranormal qabiliyyətləri olanlardan MKİ-nin maraqları naminə praktikada istifadə imkanlarını öyrənmək olub. Nəticədə, ilkin qrup təxminən iki nəfəri işə götürə bilib, onların çoxu olduqca ekstravaqant və diqqətəlayiq insanlar olub.

Ufoloq və ekstrasens İnqo Svann layihənin xüsusilə dəyərli iştirakçısı hesab olunub. O, işə elmi yanaşmasına görə qiymətləndirilib. İnqo hərbçilərdən xəritədə istənilən şəhərin adını çəkməyi xahiş edib, bundan sonra ekstrasens göstərilən yerdə havanın necə olduğunu təsvir edib. Daha sonra kəşfiyyatçılar meteoroloji xidmətə zəng edib və dəqiq məlumatları alıblar. Əksər hallarda Svann düzgün cavabı versə də, təcrübə yalnız qismən uğurlu olub.

falc-3.jpg (199 KB)

İxtisasca fizik olan, ekstrasensliyi də sınaqdan keçirən Harold Puthoff beynəlxalq səviyyəli medium sayılan Uri Geller ilə əməkdaşlıq edib. Harold dəfələrlə özünün fövqəltəbii qabiliyyətlərə malik olduğunu və komandasının SSRİ-nin bir çox hərbi sirlərini açdığını bildirib. Bununla belə, Puthoff ekstrasenslərə hansı sovet sirlərinin dəqiq məlum olduğunu açıqlamayıb.

Layihədə əvvəlcə sınaqlardan kifayət qədər uğurla keçən, lakin sonra yenə də “uğursuz” olan başqa namizədlər də olub. Proqram rəhbərləri iddia edib ki, ekstrasenslərin cavablarının düzgünlüyü təxminən 65% -ə çatıb.

ABŞ ordusunda “döyüş falçıları” nifrətlə qarşılanıb. Hətta hərbçilər arasında belə bir deyim olub: “Məni ekstrasensin yanında ölü halda tapmalarını istəməzdim”. Hərbçilər taro kartları və ya sehrli kristallarla silahlanmış kəşfiyyatçılara istehza ilə yanaşıblar və təbii ki, onları ciddi qəbul etməyiblər.

falc-1.jpg (165 KB)

Ancaq bəzən “Ulduz qapısı”nda olan ekstrasenslər həqiqətən heyrətamiz kəşflər ediblər. Layihənin əsas mühafizəçisi və hakimi kimi çıxış edən Edvin Mey bu barədə danışıb: “1979-cu ildə uzaqgörənlərdən biri SSRİ-də, Severodvinskdə tikilən qeyri-adi sualtı qayığın konturlarını görüb. Sualtı qayığın ölçüsü və qeyri-adi dizaynı diqqəti cəlb edib, katamarana bənzəyib”.

Ekstrasenslərin kəşfi barədə dərhal həm Mərkəzi Kəşfiyyat İdarəsinə, həm də ABŞ Müdafiə Nazirliyinə məlumat verilib. Amma ordu və kəşfiyyat orqanı “sehrbazların” sözlərini ciddi qəbul etməyib. Ekstrasenslər təkidlərini davam etdiriblər: tezliklə SSRİ ən böyük nüvə sualtı qayığını işə salıb. Sonda dəniz kəşfiyyatının zabiti Ceyk Stüart “Ulduz qapısı”ndan gələn məlumatlarla maraqlanıb. Peyk fabrik binasının kanalına çıxarılan sovet sualtı gəmisi “Akula”nı faktiki olaraq qeydə alanda Amerika hərbçiləri təəccübləniblər.

falc-6.jpg (283 KB)

Amma bu uğura baxmayaraq, layihədəki ekstrasenslərin sayı getdikcə azalıb. 1995-ci ildə kəşfiyyatda paranormal qabiliyyətlərdən istifadə proqramı bağlanıb və məxfilikdən çıxarılıb. Mərkəzi Kəşfiyyat İdarəsi belə nəticəyə gəlib ki, “Ulduz qapısı” və buna bənzər layihələrin heç bir faydası yoxdur və onlara xərclənən pullar təqdim edilən dəyərli məlumatlarla kompensasiya olunmayıb. Layihə iştirakçılarının fəaliyyətini qiymətləndirən komissiyanın tərkibində olan psixoloq Rey Hyman qeyd edib: “Ekstrasenslərin əldə etdiyi məlumatların böyük əksəriyyəti qeyri-müəyyən, ümumiləşdirilmiş və hədəfdən kənardır. Bir neçə aşkar təsadüf, ağlabatan təxminlər və subyektiv qiymətləndirmədən başqa bir şey yoxdur”.

Lakin layihənin bağlanmasının əsas səbəbi isə başqa olub. ABŞ-nin dünya səhnəsində əsas düşməni olan Sovet İttifaqı dağılıb. Pentaqonun isə artıq falçıları maliyyələşdirməyə ehtiyacı olmayıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Comments are closed.

Tərcümə »