Azərbaycan ilə Gürcüstan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə əməkdaşlıq, bu dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsinin əhəmiyyəti və Orta Dəhlizin əsas seqmentlərindən biri kimi yükdaşımalardakı rolunu müzakirə ediblər.
İctimai Rəy “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, müzakirələr ADY-nin sədri Rövşən Rüstəmov ilə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşdə aparılıb.
Məlumata əsasən, illik gücü 5 milyon tona çatdırılmış BTQ ilə yükdaşımaların daha səmərəli təşkili və yeni yüklərin cəlbi məqsədilə “BTKI Railways” MMC birgə müəssisəsinin fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin əməkdaşlığın yeni səviyyəyə qaldırılması məqsədilə bu ilin iyununda imzalanmış yol xəritəsinin icrasının mövcud mərhələsini müzakirə ediblər. Qeyd olunub ki, hazırda Azərbaycan və Gürcüstanın dəmiryol mütəxəssisləri arasında birgə fəaliyyətin uzlaşdırılması və optimallaşdırılması məqsədilə zəruri məlumatların aktiv və konstruktiv mübadiləsi aparılır.
Həm işçi qrupları, həm də müntəzəm birbaşa görüşlərlə daha effektiv və operativ əməkdaşlıq nəticəsində Şərq-Qərb-Şərq marşrutu üzrə hər iki ölkədən keçməklə yükdaşımaların daha səmərəli təşkili üçün fəaliyyətin gücləndiriləcəyi bildirilib.
Bundan başqa, bu ilin sonunadək Orta Dəhlizlə yükdaşımlarda kağızsız sənəd dövriyyəsinin tətbiqi, “Track and Trace” yük izlənməsi sisteminin işə salınması üçün görüləcək işlər nəzərdən keçirilib.
Comments are closed.