Allaha deyil, falçıya üz tutanlar belə “yanır”

Sosial mediada baxıcılıq, cadugərlik və falçılıqla məşğul olan şəxslərin sayı getdikcə artır. İnsanları “enerji təmizləmə”, “dualarla bağlanma”, “cadunu pozma” kimi müxtəlif adlarla təsirləri altına salan bu şəxslər, həyatlarla oynayır, yalan məlumatlar yayır və bəzən ciddi bədbəxt hadisələrə səbəb olurlar. Onların təqdim etdiyi “xidmətlər” müxtəlif qiymətlərlə təklif edilir, bu da birbaşa insanların cibinə girilməsi deməkdir. Hətta həyatınızla bağlı məlumatları 10 manata deyən bu şəxslər, “cadunu təmizləmək” və ya “tilsim açmaq” üçün yüzlərlə manat tələb edirlər. Bəs bu fəaliyyətlər din baxımından nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Musavat.com-a açıqlama verib. O bildirib ki, bu cür fəaliyyətlər İslam dininə ziddir və insanı dindən uzaqlaşdırır:

“Bəndə ilə Allah arasında vasitəçiyə gərək yoxdur. İslam dinində cadu, falçılıq, magiya böyük günah sayılır və bu əməllərlə məşğul olan şəxslər dindən çıxmış hesab olunurlar. Falçılığı dinlə əlaqələndirməyin özü yanlışdır və bu, fırıldaqçılıq sayılır. Bu şəxslər özlərini inandırıcı göstərmək üçün duaçı, mənəvi bağ quran insanlar kimi təqdim edirlər. Lakin İslama görə, insan hansısa istəyi və ya problemi ilə bağlı yalnız Allaha müraciət etməlidir”.

Belə şəxslərə müraciət edən müsəlmanın özü də dindən çıxmış sayılır və bu, onun inancına ciddi zərbə vurur.

“Bu cür fəaliyyətlər təkcə dinimizə xələl gətirmir, eyni zamanda insanların psixologiyasını da pozur. Xüsusilə çətin dönəmdən keçən şəxslər bu təsirə düşür və özlərini falçı kimi təqdim edən şəxslərin toruna düşürlər. Onlar da bu insanların maddi imkanlarından istifadə edərək pullarını, mallarını mənimsəyirlər”- deyə deputat bildirib.

Deputat sosial mediada belə şəxslərin sürətlə populyarlaşmasının səbəbini cəmiyyətin dini savadsızlığı ilə əlaqələndirir:
“Bunlar böyük auditoriya qazanır, çünki insanların dini bilikləri zəifdir və imanları sarsılıb. Təəssüf ki, məlumatsızlıq səbəbindən bir çox insan bu tələyə düşür. Bu, bir bəladır. Hüquq-mühafizə orqanları bu fırıldaqçıları ciddi şəkildə cəzalandırmalıdır. Din xadimləri də onlara qarşı ciddi mübarizə aparmalıdır, çünki dinimiz bu əməllərin qəti əleyhinədir”.

Sonda Ceyhun Məmmədov vətəndaşlara çağırış edib:

“İnsanlarımıza müraciət edirəm ki, çətinliyə düşdükdə Allaha üz tutsunlar, Ondan dəstək və yardım istəsinlər”.

Hüquqi aspektdən isə məsələ fərqlidir. Hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycan qanunvericiliyində bu sahə hələ də konkret şəkildə tənzimlənmir:

“Qanunvericiliyimizdə bu məsələ nə tam tənzimlənir, nə də qadağan olunur. Özəl sektorda qanunla qadağan edilməyən istənilən fəaliyyət növü həyata keçirilə bilər. Əgər bu fəaliyyət gəlir gətirirsə, o zaman vergi öhdəlikləri yerinə yetirilməlidir”.

Əkrəm Həsənov əlavə edib ki, bu cür fəaliyyətlər dini dövlətlərdə qadağan olunsa da, Azərbaycanda dünyəvi dövlət olduğu üçün bu, insanın vicdan azadlığına daxil olan bir məsələ sayılır:

“Dünyəvi dövlətlərdə, o cümlədən Azərbaycanda bu sahə vicdan azadlığı çərçivəsində qiymətləndirilir. Lakin burada əsas məsələ odur ki, həmin fəaliyyət insanları aldatmamalıdır”.

Sosial mediada bu şəxslər insanları aldadaraq pullarını mənimsəyirlərsə, bu artıq cinayət tərkibli əməldir:

“Əgər bir şəxs vəd verərək pul alır, lakin qarşılığında heç bir nəticə vermirsə və ya aralarında müqavilə varsa, məsələn, müəyyən məbləğ müqabilində hansısa istəklər yerinə yetirilməlidirsə, amma bu baş vermirsə, bu, artıq dələduzluq hesab olunur. İnsanların aldadılması, qorxudulması da cinayət sayılır və belə hallarda vətəndaş məhkəməyə müraciət edə bilər”.

Comments are closed.

Tərcümə »