Vaşinqton görüşü sülh sazişinə aparan yol ola bilər, lakin regional güclərin mövqeyi həlledici rol oynayacaq
ABŞ prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Vaşinqton vaxtı ilə saat 14:30-da (Bakı vaxtı ilə 22:30) Ermənistan baş naziri ilə, saat 15:20-də isə (23:20) Azərbaycan Prezidenti ilə danışıqlar aparılması planlaşdırılır.
Həmin gün saat 16:00-da (Bakı vaxtı ilə 9 avqust, saat 00:00-da) Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə birlikdə birgə bəyanatla çıxış edəcəyi gözlənilir.
Görüşlərin əsas mövzusu bölgədəki gərginlik və sülh danışıqlarının perspektivləri olacaq.
Xatırladaq ki, bu ilin mart ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Keçən müddət ərzində Azərbaycan XİN rəsmiləri dəfələrlə diqqətə çatdırıblar ki, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərt Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi, eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasıdır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın aparıcı nəşrlərindən olan “Berliner Zeitung” qəzetinə müsahibəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün sivil dialoq olduğunu vurğulayıb.
Hikmət Hacıyev qeyd edib ki, bizə sülh içində necə yaşamağı və birgəyaşayışı öyrətməyə ehtiyac yoxdur.
“Diplomatik münasibətlərin hələ də olmamasına baxmayaraq, çox yaxşı (Ermənistanla – red.) danışıqlarımız oldu”, – deyə H.Hacıyev bildirib.
Xatırlatmaq yerinə düşər ki, ABŞ-nin Zəngəzur dəhlizində logistika proseslərinin idarə edilməsinə və ya autsorsinqinə cəlb edilməsi ilə bağlı fikirlər səslənirdi. Bu isə Vaşinqtonun sözügedən ərazidə mövcudluğunu gücləndirmək cəhdi anlamına gələ bilər.
Politoloqlar hesab edir ki, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır.
Avqustun 8-də baş tutacaq görüşdən gözləntilərdən biri tərəflər arasında anlaşma memorandumunun imzalanmasıdır. Ekspertlər açıq qalan sualların olduğuna da diqqət çəkirlər. Rusiya və İranın sözügedən görüşə münasibəti, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin keçirilib-keçirilməyəcəyi maraq doğuran məqamlardır.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a açıqlamasında bildirib ki, anlaşma memorandumu beynəlxalq hüquqda, dövlətlərarası münasibətlərdə kifayət qədər tez-tez işlənən sənəd formasıdır.
İ.İsmayıl vurğulayıb ki, sözügedən sənədin hüququ öhdəliyi olmasa da, perspektiv əməkdaşlıq prinsipləri üçün hansı şərtlərin qəbul olunması, hansı prinsiplər əsasında fəaliyyət göstərilməsi memorandumda öz əksini tapır:
“Hər halda bu, Ermənistan və Azərbaycan arasında sülh sazişinin istər baza sazişi olsun, istərsə də çərçivə sazişinin imzalanması üçün irəli atılmış addımdır. Həm də nəzərə almaq lazımdır ki, görüş Vaşinqtonda, Ağ Evdə keçiriləcək. ABŞ qlobal gücdür və hadisələrə təsiri nəzərə alınmalıdır. Hesab edirəm ki, bundan sonra baza sazişinin, yaxud çərçivə sənədinin imzalanması sürətlənəcək. Öncəsində isə delimitasiya, demarkasiya məsələlərinin həll olunması, Zəngəzur dəhlizinin işlənməsinin şərtlərinin qəbul olunması vacibdir.
Şərtlərdə isə iki əsas prinsip var: nəzarət və təhlükəsizlik. Azərbaycanın şərti bəllidir – Azərbaycandan Azərbaycana hərəkət maneəsiz olmalıdır. Bəs təhlükəsizliyi öz üzərinə kim götürəcək? Ermənistan suveren dövlət kimi öz üzərinə götürəcəkmi, ya üçüncü qüvvə olacaq və o qüvvə kim olacaq?
Son zamanlar Zəngəzur dəhlizinin ABŞ-ə 100 il müddətinə icarəyə verilməsi barədə xəbər yayılır. Amma bu məsələyə ilk mənfi reaksiyaları regional güclər – Rusiya və İran verdi. Peskov ilk çıxışında dedi ki, biz istəyirik ki, bu məsələni iki dövlət öz arasında həll etsin. Bu, artıq sətiraltı ABŞ-nin olmamasına işarə idi. Həm də nəzərə almaq lazımdır ki, həmin ərəfədə Paşinyan Altaya səfər etdi.
Sanki icarə məsələsinin gündəmdən çıxarıldığı mesajı verildi. Çünki həmin səfər günü hakim partiyanın nümayəndəsi tərəfindən dəhlizin ABŞ-yə icarəyə verilməsindən vaz keçildiyi barədə xəbərlər yayıldı. Yəni bir növ Rusiyanı yumşaltmaq xətti seçildi. Ermənistana etimad olmadığı üçün Zəngəzur dəhlizində təhlükəsizliyin necə təmin olunacağı sual altındadır, xüsusilə Azərbaycana aid yüklərin, yaxud insanların keçidi riskli görünür.
Digər tərəfdən, yol istifadəyə veriləndə sülh sazişinin imzalanmış olacağı ehtimalı yüksəkdir. Zəngəzur dəhlizinin tam istifadəyə verilməsi ən azı 3-4 ilə mümkün olacaq. Bu illər ərzində isə bir çox proses baş verə bilər – etimad da yarana bilər, Türkiyə ilə sərhədlər də açıla bilər.
Türkiyə, Azərbaycan və Ermənistan arasında və Azərbaycanla Ermənistan arasında etimad yaranarsa, təhlükəsizlik məsələləri daha rahat həyata keçirilə bilər. Amma bu, heç də asan olmayacaq. Üçüncü qüvvələr – İran və Rusiya maksimum dərəcədə təxribat törətməyə çalışacaq. Məqsəd yolun açılmasının qarşısını almaqdır. İran Rusiya təhlükəsizlik qüvvələrinin gəlişini həyata keçirməyə çalışacaq. Bu isə yalnız Azərbaycana qarşı yönəlməyəcək, çünki o yoldan təkcə Azərbaycan istifadə etməyəcək. Zəngəzur dəhlizinin qlobal rolunu nəzərə alacaq, ikiqat məsuliyyət yaranır.
Hesab edirəm ki, zamana ehtiyac var, çünki zaman etimad yarada bilər. Regional güclərin Azərbaycana və Ermənistana münasibətindən asılı olan məsələ çoxdur. Sülh yoxdursa, hər iki dövlətə təzyiq vasitəsi var.
Düşünürəm ki, sülh sazişi imzalandıqdan sonra bu məsələlərin həlli asanlaşa bilər. Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı barədə də düşünmək lazımdır. Əgər 2026-cı ildə Ermənistanda hakimiyyətə rusiyayönümlü qüvvə gələrsə, Zəngəzur məsələsi uzun müddətə qapana bilər”.
İlham İsmayıl hesab edir ki, Trampın Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdə görüşməsini Qərbin Rusiyaya təzyiqi kimi qəbul etmək olar:
“Faktiki olaraq, Rusiya müharibə bitdikdən sonrakı 5 ildə Ermənistan və Azərbaycan arasında sülhə nail ola bilməyib. Ermənistanın daxilindəki proseslər də sülhə mane olur. Ona görə hesab edirəm ki, ABŞ kimi güclü dövlətin çətiri altında ən azı anlaşma memorandumunun imzalanması irəli doğru atılmış addımdır.
Amma bundan sonra hadisələrin necə inkişaf edəcəyi sual altındadır. Rusiyanın bu məsələyə xoş baxması gözlənilən deyil. Ermənistanda növbəti gərginliyin şahidi olacağıq. Fikrimcə, Azərbaycan-Rusiya münasibətlərində gərgin dövr olduğu üçün ən azı KİV-də indiyə kimi aparılan siyasət davam edəcək”.
Comments are closed.