PFL rəsmisi: “II Liqada oynamaq istəyən komandaların sayı çox idi”

Futbol üzrə Azərbaycan II Liqasında oynamaq istəyində olan komandaların sayı çox olub.

Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

PFL rəsmisi çempionatda format dəyişikliyini şərtləndirən səbəblər barədə danışıb:

“Məlum olduğu kimi, ötən mövsümün yekunlarına əsasən II Liqadan I Liqaya 3 komanda yüksəldi. Region Liqasının qalibi II Liqanın sonuncusunu əvəzlədi. Pley-off yekunlarına əsasən isə Region Liqasının finalında oynamış “Şirvan” üst liqada çıxış hüququ əldə etdi. Bununla yanaşı, “Qusar” komandası rəsmi müraciətə və dəfələrlə xatırlatmalarımıza baxmayaraq, 2025/2026 mövsümündə iştirakını təsdiqləmədi. Bu komandanın oyunları zamanı ötən mövsüm ərzində sistematik neqativ hallar yaşandığını nəzərə alaraq, başqa bir komanda ilə əvəzlənməsinə qərar verildi. Bu dəyişiklik zamanı həmişəki kimi idman prinsiplərinin rəhbər tutulmasına çalışıldı və ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandasının II Liqaya buraxılmasına qərar verildi”.

S.Abdullayevin sözlərinə görə, AFFA və PFL olaraq həmişə idman prinspilərinə mümkün olduğu qədər əməl edilməsi əsas hədəflərdən olub:

“Bu dəfə də istisna olmadı. Həm idman prinsipləri qorundu, həm də II Liqada çıxış etmək istəyən, nisbətən yaxşı imkanlara malik komandalara şans yaradıldı. Belə ki, Region Liqasından II Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər. II Liqa 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət “altılıq” sistemində yarışacaqlar. 22 tur bu yarış üçün çox az olardı. 12 komandalı çempionatların imkan verdiyi “6-lıq” sistemini tətbiq etmək qərarına gəldik. İnanırıq ki, bu durum istər aşağı, istərsə də yuxarı pillələrdə yer alan komandaların yarışdan tez qopmasının qarşısını alacaq. Bundan əlavə, bir daha qeyd edək ki, görüşdüyümüz namizəd komandaların həqiqətən də futbolla bağlı planları bizi sövq etdi ki, aşağıdakı komandaların şans qazanması və motivasiya əldə etməsi üçün zəmin formalaşdıraq. Bu eyni zamanda II Liqada qalmaq uğrunda mübarizəni də kəskinləşdirəcək”.

Qeyd edək ki, II Liqada 2025/2026 mövsümü sentyabrın 6-da başlayacaq.

Comments are closed.

Tərcümə »