Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ötən gün keçirdiyi ənənəvi brifinqində iddia edib ki, Ukraynanın güc strukturları (konkret olaraq Ukrayna Təhlükəsizlik Xidməti – SBU) Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq üçün təxribatlar törətməyə hazırlaşır. Onun iddiasına görə, Ukrayna Təhlükəsizlik Xidməti mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən etnik zəmində nifrət və düşmənçiliyin qızışdırılması üçün istifadə etmək niyyəti ilə rusiyalı çuğulçuların, rus qaçqınların əli ilə Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribatlar törədəcək.
Bu, çox ciddi ittiham və iddiadır. Təsadüfi deyil ki, Zaxarovanın bu bəyanatına Ukrayna tərəfinin cavabı gecikmədi. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bu iddiaları yalan və dezinformasiya adlandırıb. Ancaq onu da deməliyik ki, əslində, Zaxarova bir məsələdə haqlıdır, bəli, belə təxribatların baş verməsi mümkündür. Ancaq həmin təxribatların əsl müəllifi isə Ukrayna Təhlükəsizlik Xidməti yox, yalnız Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ola bilər. Çünki Rusiyanın güc strukturları illərdir ki, məhz bu cür işlərlə məşğuldurlar. Elə iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən qanlı basqın əməliyyatı da məhz “FSB”-nin təxribatı idi.
Yekaterinburqdakı təxribatdan sonra onsuz da gərgin olan (AZAL-ın təyyarəsinin vurulmasına görə) Rusiya-Azərbaycan münasibətləri daha da pisləşdi. Buradan da belə bir məntiqi nəticə ortaya çıxır ki, Kreml Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışan real təxribatçıları Ukraynada yox, öz hakimiyyət eşalonunda, xüsusən də Rusiyanın güc strukturlarının sıralarında axtarmalıdır. Bu ölkənin güc strukturlarının və “Z blogerlər”inin son vaxtlar Azərbaycana və azərbaycanlılara qarşı təxribatları, informasiya hücumları səngimək bilmir. Mariya Zaxarova isə bilərəkdən izi azdırmağa çalışır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.