Futbol cameəsini silkələyən hadisə: cadunu stadiona Tərlan Əhmədov basdırıb? TƏFƏRRÜAT

“Şəfa” stadionunda aşkarlanan caduların kim tərəfindən basdırıldığına dair yeni məlumatlar üzə çıxıb. Bu işin arxasında uzun illər Azərbaycan millisinin üzvü olmuş, daha sonra bir neçə klubda baş məşqçilik etmiş Tərlan Əhmədovun adı hallanır.

Bu barədə Musavat.com‑a millimizin sabiq üzvlərindən biri məlumat verib.

O bildirib ki, “Şəfa” stadionunda — indiki ASK Arena — Tərlan Əhmədovun bir klubda baş məşqçi kimi çalışdığı dövrdə, onun köməkçisi vasitəsilə qapı dirəklərinin dibinə cadu olunmuş su töküldüyünə şahid olub. Bu hadisəyə bir neçə futbolçu da şahidlik edib. Həmin futbolçulardan biri də millimizin sabiq üzvlərindəndir və Tərlan Əhmədovla illərlə eyni komandada futbolçu, məşqçi və baş məşqçi kimi bir yerdə çalışıb.

Ümumiyyətlə, Tərlan Əhmədov futbol karyerası boyunca belə inanclara xüsusi maraq göstərən biri kimi tanınıb.

Onun sözlərinə görə, stadionda tapılan və üzərində şəkil və digər əşyalar olan cadular da məhz Tərlan Əhmədov tərəfindən basdırılıb. Hadisə zamanı stadionda olanlar bu məlumatı təsdiqləyir.

Qeyd edək ki, Tərlan Əhmədov futbol ictimaiyyətində tez-tez qalmaqallarla gündəmə gəlib. Onun adı bir neçə dəfə idman mediasında və yerli mətbuatda oyun alqı-satqısı ilə bağlı hallanıb.

Musavat.com məsələ ilə bağlı Tərlan Əhmədovun mövqeyini öyrənmək üçün onunla əlaqə saxlayıb. O, cavabında deyilənləri təkzib edib:

“Əksinə, elə mənim özümə də cadu edilib. Mənə göndəriblər. Bu məlumatları yayanlar aranı qarışdırmaq istəyirlər. Futbol ictimaiyyəti də yaxşı bilir ki, ən böyük zərbə mənə dəyib. İşsiz qalmağım da elə mənə edilən cadunun nəticəsidir. Əgər mən cadu etmişdimsə, niyə illərlə işsiz qalırdım? Bunları yalandan deyirlər. Mənə şər atırlar. Bunu kim edibsə, Allah bəlasını versin. İndi də köməkçilərimin üstünə şər atırlar – onların günahı nədir?

Tovuz stadionunda da cadu tapılıb, amma onunla mənim heç bir əlaqəm yoxdur axı. Məni futbolda görmək istəməyənlər çoxdur – gah deyirlər işçilərlə yola getmədi, gah deyirlər rəhbərliklə münasibəti yaxşı olmadı. İndi də deyirlər guya cadu edib. Bu, yalan məlumatdır”.

Xatırladaq ki, bu günlərdə “ASK Arena” adlanan köhnə “Şəfa” stadionunun qazonu təmir edilərkən orada bəzi şəxslərə cadu-piti edildiyinin izləri aşkarlanıb. Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, həmin cadu keçmiş “Keşlə”, indiki “Şamaxı” klubunun sabiq baş məşqçiləri Yunis Hüseynov və Sənan Qurbanova qarşı edilib.

Məhz onların şəkilləri və adları yazılmış cadu süni qazonun altından tapılıb. Cadu materialında “Keşlə”nin əməkdaşı Eldəniz Yusifovun da adı olub. Ehtimal olunur ki, bunu həmin vaxt “Keşlə”nin uğursuzluğunu istəyən, kluba baş məşqçi gəlmək arzusunda olan azərbaycanlı məşqçilərdən biri edib.

Comments are closed.

Tərcümə »