Orban: Aİ-nin yeni büdcəsi Rusiyaya qalib gəlmək məntiqi üzərində qurulub

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən yeni yeddiillik büdcə layihəsini tənqid edib.

Musavat.com xarici agentliklərə onun sözlərinə görə, Brüssel elitası büdcəni “müharibə məntiqi” ilə hazırlayıb və əsas məqsəd “Rusiyanı məğlub etmək”, Aİ-nin siyasi xəttinə yaxın qüvvələri hakimiyyətə gətirmək və təsir dairəsini genişləndirməkdir.

Orban bu barədə “X” sosial şəbəkəsində (əvvəlki Twitter) yazaraq bildirib:

“Milyardlar Ukraynaya, kənd təsərrüfatı və inkişaf üçün isə cüzi məbləğlər ayrılıb. Biz onların bu xəyallarını və təkliflərini rədd edirik. Avropalılar elə bir İttifaqa layiqdirlər ki, ilk növbədə onların maraqlarını nəzərə alsın”.

Bir neçə gün öncə isə Orban büdcəyə etirazının başqa səbəbini açıqlamışdı. Euractiv nəşrinin yazdığına görə, Macarıstan hökuməti büdcəni yalnız o halda dəstəkləyəcək ki, Aİ tərəfindən dondurulmuş vəsaitlər geri qaytarılsın. Qeyd edək ki, bu vəsaitlər Macarıstana ayrılmışdı, lakin hüququn aliliyi və demokratiya ilə bağlı narahatlıqlar səbəbilə Aİ tərəfindən bloklanmışdı.

Orban həmçinin Brüsseli Ukraynaya dəstək siyasətinə görə tənqid edib və Aİ-ni 2026-cı ildə keçiriləcək parlament seçkilərində “pro-ukrayna və pro-Brüssel” mövqeli qüvvələri hakimiyyətə gətirmək cəhdində ittiham edib.

Avropa Komissiyası tərəfindən təqdim edilən yeni yeddiillik büdcə layihəsinin ümumi həcmi təxminən 2 trilyon avro təşkil edir və burada əsas prioritetlər kimi iqtisadi rəqabət qabiliyyəti və müdafiə sahəsi göstərilir. Politico-nun məlumatına görə, Ukraynaya ayrılması nəzərdə tutulan xüsusi fondun həcmi növbəti yeddi ildə 88 milyard avro olacaq.

Comments are closed.

Tərcümə »