Hazırda İran və Rusiya Zəngəzur dəhlizi ilə bağlı ortaq mövqedən çıxış edir

Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılması istiqamətində birgə səylərini artırdıqca İran və Rusiyanın hər vəchlə buna mane olmaq cəhdləri də getdikcə intensivləşir. Hazırda İran və Rusiya Zəngəzur dəhlizi ilə bağlı ortaq mövqedən çıxış edir. İranın ali dini lideri ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi layihəsi ilə bağlı verdiyi son açıqlaması da bu fikrimizi təsdiqləyir. Görünən budur ki, cənub və şimal qonşularımızın “oyundankənar” vəziyətə düşmək qorxusu onları həqiqətən də çox ciddi şəkildə narahat edir.

Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı fikirləri ənənəvi molla təfəkkürünün “məhsul”udur. O, qərəzli mövqedən çıxış edərək bildirib ki, “bu layihə əslində nə regional inteqrasiyaya, nə iqtisadi sabitliyə, nə də xalqların rifahına xidmət edir. Əksinə, layihənin məqsədi İranı, Rusiyanı və Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaqdır”. Xameneinin müşavirinin bu cür absurd açıqlaması bir tərəfdən acı istehza doğurur, digər tərəfdən isə hazırda İranı idarə edən mollaların necə məhdud, dar və həm də xəbis düşüncəyə sahib olduqlarını bir daha ortaya qoyur. Bu adamlar ən sadə bir həqiqəti anlaya bilmirlər ki, Azərbaycanın materik hissəsi ilə Naxçıvanın quru yolla (dəhliz vasitəsilə) birləşməsi Azərbaycan xalqının və dövlətinin təbii-tarixi haqqıdır. Bu həqiqəti görməzdən gəlib bizim təbii haqqımızı “İranı, Rusiyanı və Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaq” cəhdi kimi təqdim etmək molla rejiminin xain xislətini, anti-Azərbaycan və anti-Türkiyə mövqeyini açıb göstərir.

Xameneinin müşaviri sözügedən açıqlamasında hədə ritorikasından çıxış etməyi, “qırmızı xətt”dən dəm vurmağı da unutmayıb. Belə ki, o qeyd edib ki, İran sərhədlərə hərbi qüvvələr yerləşdirib və təlimlər keçirərək özünün “qırmızı xəttini” göstərib. Onun sözlərinə görə, “artıq passiv və müşahidəçi siyasət dövrü başa çatıb — Tehran qabaqlayıcı və fəal strategiyaya üstünlük verir”. Bu açıqlamanı hərbi dilə çevirsək görərik, İran əslində Azərbaycanı müharibə ilə hədələyir. Lakin mollalar özləri də yaxşı bilirlər ki, hazırda İranın Azərbaycana qarşı müharibə etməyə gücü yoxdur.

12 günlük İran-İsrail müharibəsinin İran üçün fəlakətli nəticələrindən sonra mollalar durub Azərbaycana müharibə elan etsələr, özlərinə qəbir qazmış olarlar. Ona görə də, ağayi Vilayətiyə tövsiyəmiz budur ki, ağıllı olsun və bundan sonra sərsəm açıqlamalar verməsin. Çünki Vilayəti kimi gerizəkalı, qeyri-konstruktiv mövqeli mühafizəkarların təxribatçı fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla birgə iki ölkə münasibətlərini səmimi qonşuluq və faydalı əməkdaşlıq müstəvisinə yönəltmək səylərinə zərər verir. Fars-molla rejimi bölgədə sülh və və sabitliyin bərqərar olmasını istəmir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »