19 iyul beynəlxalq münasibətlər sisteminin gündəliyinə artıq daxil olmuş önəmli bir tarixdir. Məhz bu tarixdə Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilmişdir. Forumun keçirilmə tarixi bizdən sürətlə uzaqlaşır, lakin tədbirin beynəlxalq sədası hələ də dünyanın mühüm siyasi dəhlizlərində eşidilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tədbir zamanı səsləndirilmiş fikirlər beynəlxalq beyin mərkəzlərində təhlil olunur, müxtəlif mülahizələr və hipotezlər irəli sürülür. Sanki dövlət başçısı beynəlxalq ictimaiyyət üçün bir tapmaca söyləmiş və indi bütün dünya onun cavabının axtarışındadır. Əslində, beynəlxalq ictimaiyyətinin təfəkküründə yeni geosiyasi reallıqdan qaynaqlanan yeni siyasi stereotiplər də məhz bu metodlarla formalaşdırılır.
Bəli, müxtəlif mülahizələr irəli sürülə bilər, lakin bir amil geosiyasi aksiom kimi qəbul olunmalıdır ki, Azərbaycan artıq qlobal siyasətin içindədir. Prezident İlham Əliyevin Xankəndidə Forum zamanı səsləndirdiyi fikirlərinin ABŞ Prezidenti Donald Tramp tərəfindən rəsmi “Truth Social” hesabında paylaşması faktı da qeyd etdiyimiz təsbitin sadəcə növbəti təzahürüdür. Sözügedən fakt artıq özlüyündə cənab Prezidentin, xalqımızın və dövlətimizin növbəti beynəlxalq uğurudur. Heç şübhəsiz ki, bəhs etdiyimiz bu hadisə mütləq olaraq dövlətimizin beynəlxalq çəkisini də artıracaqdır. ABŞ Prezidentinin sözügedən jesti eyni zamanda müəllifi Azərbaycan xalqı olan yeni reallığının da bir növ etirafıdır.
Beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ Prezidentinin tədbir ilə əlaqədar demək olar ki, dərhal verilmiş reaksiyaları bizə bir çox məsələlərdən xəbər verir: region diqqət mərkəzindədir, region uğrunda geosiyasi mübarizə davam edir, Azərbaycanın beynəlxalq statusu durmadan artır, region ilə bağlı olan layihələrdə “Azərbaycan” faktorunu artıq nəzərdən qaçırıla bilməz, ölkəmizin artan gücü kimlərdəsə qıcıq yaradır, beynəlxalq ictimaiyyət regionda formalaşmış yeni reallığı qəbul etmək məcburiyyətindədir və, nəhayət, baş verənlər ona işarə edir ki, biz formalaşan yeni reallığının artıq növbəti mərhələsinin astanasındayıq.
Mövcud kontekstin inkişafında mütləq olaraq Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan şəxsi nüfuzundan da bəhs edilməlidir. Prezidentin “Qalib xalqın qalib lideri” statusu bir çox dövlət başçılar üçün əlçatmaz arzudur. Əlbəttə ki, Prezidentin sözügedən statusu yeni reallığın önəmli və ayrılmaz komponentlərindən biridir.
Bütün bunların, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən tədbir ilə əlaqədar verilmiş müsbət və çevik reaksiyaların fərqində olan siyasi yaramazlarımız isə düzgün nəticə çıxarmaq əvəzinə, təlaş içində özlərinə yeni “əcnəbinskiy” kuratorlarının axtarışına çıxıblar. Özlərində dəyişmək üçün güc tapmayan boşboğaz demaqoqlar hər zaman olduğu kimi təxribat və intriqalara üstünlük verirlər. Ən acınacaqlısı isə budur ki, onlar etdikləri təxribatlardan zövq alırlar. Bu isə artıq psixoloji anomaliyadır. Burada adekvatlıq və xoş niyyətdən söhbət gedə bilməz.
Mövcud vəziyyətdə şərq və qərbdən, şimal və cənubdan ümidləri üzülmüş bu bizim siyasi yaramazlarımız sanki binada böyük alov yaratmaq ümidi ilə evin bir küncündə sıxılmış və kibrit qutusu ilə oynayan məsuliyyətsiz xuliqanlara bənzəyirlər. Radikal təfəkkür və məsuliyyət hissi bir-birini təkzib edən anlayışlardır.
Məhz buna görə də Prezident İlham Əliyevin siyasi ritorikasında “məsuliyyət” məfhumunu hər zaman eşitmək mümkündür. Prezidentin sözügedən Forumdakı çıxışı da istisna təşkil etmir: “Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik.” Gələcək nəsillərinin xoşbəxtliyi naminə məsuliyyətə çağırış yalnız böyük və sülhsevər siyasətinin əlaməti ola bilər.
Əlbəttə ki, qlobal siyasətə qədəmlərini atan və dünyanın siyasi xəritəsində statusunu dəyişdirmiş dövlət öz siyasi coğrafiyası ilə bağlı konseptual baxışlarına malik olmalıdır. Bu mənada Prezident İlham Əliyevin növbəti fikri kifayət qədər əlamətdar mənaya malikdir: “Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz.” Prezidentin Azərbaycanı qlobal xabın ayrılmaz parçasına çevrilmək istiqamıtindəki təşəbbüsləri də məhz bu konseptual yanaşmanın davamıdır.
Odur ki, qeyd olunan amillər, habelə dünyada cərəyan edən aqressiv tendensiyalar qlobal siyasət kontekstində cəmiyyətin siyasi-ictimai təfəkküründə “əyalət” paradiqmasından imtina olunmasını zəruri edir. Bu məsələdə isə siyasi maarifləndirmənin rolu danılmazdır.
Comments are closed.