Yaponiyanın baş naziri istefa verəcək

Yaponiyanın baş naziri Şiqeru İşiba sədri olduğu hakim Liberal Demokrat Partiyasının (LDP) seçkilərdə məğlub olmasından sonra istefa vermək niyyətindədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Yaponiya mətbuatı yayıb.

“Mainichi” qəzetinin yazdığına görə, o, avqustun sonuna qədər istefa verə bilər.

İşibanın bu barədə yaxın ətrafına məlumat açıqladığı qeyd olunur. İşibanın üç keçmiş hökumət başçısı – Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşlər keçirəcəyi gözlənilir ki, bu da özlüyündə qeyri-adi hesab olunur. Qəzetin hökumətdəki mənbəsinin bildirdiyinə görə, baş nazir “üç keçmiş baş nazir qarşısında baş əyəcək”.

İyulun 20-də keçirilən seçkilərdə LDP-nin hakim bloku və Komeito partiyası parlamentin yuxarı palatasında çoxluğunu itirib. Bu, İşiba üçün ardıcıl ikinci böyük seçki məğlubiyyətidir – ötən ilin payızında hakim koalisiya parlamentin əsas aşağı palatasında artıq çoxluğunu itirib. Bundan sonra LDP-də bir çox insan, yerli mediaya görə, İşibanı istefaya çağırmağa başlayıb.

Comments are closed.

Tərcümə »