Əlkimya problemi həll edildi: Civəni qızıla çevirəcək texnologiya hazırdır!

Musavat.com xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Marathon Fusion adlı startap sensasion iddia ilə çıxış edib. Şirkət civəni qızıla çevirməklə bağlı qədim əlkimya arzusunu reallığa çevirdiyini bəyan edib. Bu barədə Financial Times nəşri məlumat yayıb.

Marathon Fusion şirkətinin elmi komandası civənin izotoplarını nüvə reaktorunun çoxalma zonasına yerləşdirməklə, onları yüksək enerjili neytronlarla bombardman etməyi planlaşdırır. Nəticədə civə-197 adlı qeyri-sabit izotop yaranır və bu maddə 64 saat ərzində parçalanaraq qızıl-197 izotopuna çevrilir. Bu isə təbii və yeganə sabit qızıl formasıdır.

Bu texnologiyanın tətbiqi ilə gələcək termonüvə elektrik stansiyaları yalnız enerji deyil, həm də dəyərli metal – qızıl hasil edə biləcək. Şirkət hesab edir ki, 1 qiqavatlıq enerji istehsalı ilə paralel olaraq ildə 5 ton qızıl hasil etmək mümkün olacaq. Bu miqdar, mövcud bazar qiymətləri ilə müqayisədə enerji ilə eyni dəyərə malikdir, yəni stansiyaların gəlirini ikiqat artıra bilər.

Bu texnoloji irəliləyiş yalnız energetika sahəsində deyil, həm də iqtisadi və maliyyə bazarlarında böyük dəyişikliklərə səbəb ola bilər. Marathon Fusion-un təklif etdiyi bu metod elm tarixində ilk praktik alkimya modeli kimi qiymətləndirilir və gələcəkdə həm elmi, həm də strateji baxımdan mühüm rol oynaya bilər.

Comments are closed.

Tərcümə »