Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki gərginliyin hələ nə qədər davam edəcəyi bəlli deyil. İki ölkə arasındakı münasibətlərdə hökm sürən mürəkkəb vəziyətin günahkarı sözsüz ki, Kremldir. İmperiya vərdişlərindən əl çəkə bilməyən Kremlin ötən ilin sonlarından (AZAL-ın sərnişin təyyarəsinin Qroznıda vurulmasından) etibarən Azərbaycana münasibətdə yol verdiyi ağır səhvlər və yanlış siyasət bu gün iki ölkə arasında müttəfiqlik münasibətlərini qırılma nöqtəsinə yaxınlaşdırmaqdadır. Eskalasiya gündən-günə artan xətt üzrə davam edir. Kremldən “xeyir-dua” alan və Rusiya ictimaiyyətində şovinist əhval-ruhiyyəni körükləyən “Z-blogerlər” bu gün azərbaycanlıların Rusiyadan qovulmasına çağırışlar edir və eyni zamanda, Azərbaycana qarşı sərt addımların atılmasını tələb edirlər.
Belə bir fonda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsinin gündəmə gəlməsi tamamilə təbii haldır. Qardaş ölkələr kritik məqamlarda bir-birinə gərəkən hər cürə dəstəyi verməlidirlər. Bu, həm də tarixi “Şuşa Bəyannaməsi”nin ruhundan, mahiyyətindən irəli gəlir. Odur ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfər etməsi və bu səfər əsnasında “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən rəsmi görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyinin vurğulanmasında qeyri-adi heçnə yoxdur.
Bu görüşlər zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin hər iki ölkə başçılarının diqqət mərkəzində olduğu da xüsusi olaraq qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının aparıcı ölkələri olaraq bölgədə sabitliyin və təhlükəsizliyin qorunması baxımından Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığının gücləndirilməsini prioritet məsələ kimi qiymətləndirirlər. Bu əməkdaşlığın hər iki qardaş ölkə üçün və bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün xeyirli olması faktı hər kəsə gün kimi aydındır.
Azərbaycan-Türkiyə əməkdaşlığı bölgədə çəkindirici güc amili hesab olunur və Rusiya, Fransa, İran, Hindistan kimi aktorların bölgəni yenidən münaqişə ocağına çevirmək cəhdlərini əngəlləyir. 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız parlaq Qələbə nəticəsində regionda 200 ilə yaxın davam edən Rusiya hegemonluğuna əsaslanan geosiyasi konfiqurasiyanın ləğv olunması və bunun müqabilində Azərbaycan və Türkiyənin birgə səyləri ilə yeni regional düzənin formalaşdırılması bütövlükdə həm Cənubi Qafqazın, həm də bütün Türk dünyasının gələcəyi üçün olduqca önəmli gəlişmədir. Azərbaycan və Türkiyə bölgədəki aparıcı mövqelərini qorumaq və gücləndirmək üçün birgə səylərini daha da artıracaqlar. Bu, zamanın tələbidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.