“Azərbaycan bütün dünya üçün nümunədir” deyən Fransa naziri hədəfdə – Rəşida Datinin səsini kəsmək istəyirlər

 Fransa mədəniyyət naziri Rəşida Dati korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə məhkəmə qarşısına çıxarılır.

Rəsmi ittiham isə Renault-Nissan alyansından aldığı məsləhət haqları ilə bağlıdır. Ancaq siyasi müşahidəçilər bu prosesin arxasında daha dərin və siyasi motivlərin dayandığını vurğulayırlar. Səbəb isə təkcə maliyyə məsələləri deyil – o, Azərbaycanı “dini və etnik qruplar arasında əlaqələr baxımından bütün dünya üçün nümunə” adlandırmış yeganə Fransız naziridir.

azerbaijani_town_2.jpg (68 KB)

Rəşida Datinin adının hallandığı məhkəmə işi dərhal erməni KİV-ləri tərəfindən tirajlanmağa və siyasi kampaniya alətinə çevrilib. Ermənipərəst dairələr onun Azərbaycan haqda illər öncə dediyi ədalətli və dürüst fikirlərə görə onu hədəfə çevirmək fürsətini əldən verməyiblər. Xatırladaq ki, Rəşida Dati 2015-ci ildə Azərbaycanın dini və etnik dözümlülüyünü önə çəkərək onu dünyaya örnək göstərmişdi. Bu çıxışı ilə erməni diasporunun qəzəbinə tuş gəlmiş, nazir təyin olunarkən də Fransa ermənilərinin sərt etiraz aksiyalarına səbəb olmuşdu.

126635-rachida-dati-melenchon.jpg (14 KB)

Dati bütün ittihamları rədd edir və Renault-Nissan şirkəti ilə əməkdaşlığının qanuni olduğunu bildirir. Onun mədəniyyət naziri postuna təyinatı Fransanın mühafizəkar düşərgəsində ciddi dəstək almışdı, çünki o, sabiq prezident Nikola Sarkozinin yaxın siyasi müttəfiqlərindən sayılır.

Hazırda baş verənlər, əslində, təkcə bir korrupsiya işi deyil – bu, Azərbaycanın haqq səsini müdafiə edən səsin susdurulması cəhdidir. Fransa sistemindəki ermənipərəst dairələr bu prosesi Rəşida Datidən intiqam almaq üçün fürsət kimi istifadə edir. Onun Azərbaycanla bağlı müsbət fikirləri və ədalətli mövqeyi, görünür, müəyyən qrupları hələ də narahat edir. 

Screenshot_1.png (1011 KB)

Rəşida Datinin vəkili bu ittihamların siyasi motivli olduğunu vurğulayıb və məhkəmədə onun günahsızlığının sübuta yetiriləcəyinə əmindir. Onun Azərbaycanı dəstəkləməsi isə yalnız gerçəkliyi dilə gətirməsidir – bu mövqe isə heç bir siyasi linç kampaniyası ilə ləkələnə bilməz.

Rəşida Dati kimdir?

Musavat.com xəbər verir ki, Fransanın siyasi səhnəsində mühüm yer tutan Rəşida Dati 1965-ci ildə Fransanın Şalon-sur-Son şəhərində anadan olub. Atası Mərakeşli fəhlə, anası isə Əlcəzairli evdar qadın idi. On uşaqlı ailədə böyüyən Rəşida Dati həyatının ilk illərini yoxsulluq və çətinlik içində keçirsə də, əzmkarlığı və təhsilə olan bağlılığı onu Fransa siyasi elitasına qədər yüksəldib.

09ab6182-5d5a-4ff2-a744-83be8979f866.jpeg (49 KB)

Hüquq təhsili alan Dati bir müddət məhkəmə sistemində çalışdıqdan sonra 2007-ci ildə, sabiq prezident Nikola Sarkozinin dövründə, Fransanın ilk ərəbəsilli ədliyyə naziri təyin olunub. Bu təyinat Fransa tarixində dönüş nöqtəsi sayılırdı. Daha sonra Avropa Parlamentində təmsilçilik edən Dati 2023-cü ildə Fransanın mədəniyyət naziri təyin edilib.

1f51a8d7-c956-47ea-83e9-8b2c225ee732.jpeg (17 KB)

Onun siyasi fəaliyyətinə qarşı zaman-zaman tənqidlər olsa da, Rəşida Dati daim prinsipial və açıq mövqeyi ilə tanınıb. Xüsusilə Azərbaycanı dini və etnik dözümlülük nümunəsi kimi təqdim etməsi, onun ədalətli və qərəzsiz düşüncə tərzindən xəbər verir.\\musavat.com\\

Comments are closed.

Tərcümə »