Zelenski bu dəfə Putinə BUNU TƏKLİF ETDİ – Tarixi qərar verilə bilər

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyayla sülhə aparan dialoqu yenidən gündəmə gətirib. O, ilk dəfə olaraq rəsmi şəkildə atəşkəs, əsirlərin mübadiləsi və zorla Rusiyaya aparılmış ukraynalı uşaqların geri qaytarılması istiqamətində birbaşa danışıqlar aparmağı təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə The New York Times (NYT) geniş analiz yayımlayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərməyə razılıq verməsi və Rusiyanın iqtisadi tərəfdaşlarına qarşı sanksiyalarla hədələməsi danışıqlar prosesinə təkan verən əsas amillərdən sayılır.

Zelenskinin sözlərinə görə, onun milli təhlükəsizlik müşaviri Rüstəm Umerov bu təklifi artıq Rusiya tərəfinə təqdim edib. Lakin Kreml hələlik bu təklifi rəsmi şəkildə cavablandırmayıb.

NYT qeyd edir ki, Zelenski həmçinin Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüşmək niyyətində olduğunu bir daha bəyan edib. Ukrayna parlamentinin deputatı Qalina Yançenko isə bildirib ki, Ukrayna öz təşəbbüsü ilə danışıqlara can atmaqla ABŞ-ı Rusiyanın etibarsız tərəf olduğunu göstərməyə çalışır.

Bütün bunlarla yanaşı, NYT Trampın açıqlamalarının danışıqlar mühitinə müəyyən dərəcədə müsbət təsir göstərdiyini vurğulayır. Məlumata görə, Ukrayna Almaniyadan “Patriot” zenit-raket komplekslərinin ilk partiyasını yaxın vaxtlarda alacaq. Ekspertlər hesab edirlər ki, bu sistemlərin uzunmüddətli təchizatı Rusiyanın danışıqları uzatma planlarını poza bilər.

Zelenski bildirib ki, gələn həftə nümayəndə heyətləri səviyyəsində yeni görüş keçirilməsi üçün Rusiya tərəfinə rəsmi təklif göndərilib. Həmçinin o qeyd edib ki, əsir mübadiləsi prosesi də davam edir: “Hazırda komandamız növbəti mübadilə üzərində işləyir”.

Son məlumatlara əsasən, Ukrayna və Rusiya arasında növbəti təmaslar iyulun 23-24-də İstanbulda baş tutacaq. Bu görüşlərin danışıqlar prosesində dönüş nöqtəsi olacağı gözlənilir.

Comments are closed.

Tərcümə »