Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa qeyri-qanuni silahlı qruplaşmaları ölkənin cənubundakı Əs-Suveyda əyalətində atəşkəsi pozmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, Suriya liderinin ofisinin müvafiq bəyanatını SANA agentliyi yayıb.
Bəyanatda qeyd olunur: “İyulun 16-da ölkə rəhbərliyi qeyri-qanuni silahlı qruplaşmaların mülki əhaliyə hücum etməyəcəyinə dair təminat verildiyi üçün qoşunları Əs-Suveydadan çıxarmaq qərarına gəlib. Lakin Suriya hərbçiləri geri çəkildikdən sonra bu qruplaşmalar dinc əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər ki, bu da əldə olunmuş razılaşmaların açıq şəkildə pozulması deməkdir”.
Əl-Şaraa əlavə edib ki, o, “bütün tərəfləri sakit və təmkinli olmağa” çağırır və “etnik mənsubiyyətindən asılı olmayaraq, cinayət törətməkdə iştirak edən bütün şəxsləri məsuliyyətə cəlb edəcəyinə” söz verir. O, həmçinin İsrail rəhbərliyini Suriyanın daxili işlərinə qarışmaqdan çəkindirərək, yəhudi dövlətinin hərəkətlərinin “bölgədə vəziyyəti yalnız gərginləşdirdiyini və mürəkkəbləşdirdiyini” vurğulayıb.
İyulun 17-də SANA məlumat yayıb ki, qeyri-qanuni silahlı qruplar Suriyanın Əs-Suveyda şəhərində hökumət qoşunları oranı tərk etdikdən sonra ərəb bədəvi silahlılarına qarşı qırğınlar törədiblər. Əl-Vətən qəzeti yazıb ki, Əs-Suveydadakı iğtişaşlar İsraillə yaxınlaşmanı müdafiə edən və Dəməşqdə hakimiyyətə itaətsizliyə çağıran radikal druz şeyxi Hikmət əl-Həcəri tərəfdarlarının işidir.
Comments are closed.