Müşahidələr onu göstərir ki, Rusiyanın güc strukturlarının Kremlin “xeyir-dua”sı ilə bu ölkədə yaşayan miqrant soydaşlarımıza qarşı, Azərbaycan diasporunun liderlərinə qarşı və Azərbaycan əsilli iş adamlarına qarşı “qanun” adı altında qanunsuzluqlarının, təzyiqlərinin ikinci dalğası başlayıb. Ötən gün Rusiya məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bunun ardınca isə, Şahin Şıxlinskinin özüylə bağlı axtarış elan edildi. Belə ki, Ş.Şıxlinski də bir gün əvvəl həbs edilmiş oğlu kimi “dövlət məmuruna qarşı zorakılıq etməkdə” ittiham olunur.
Azərbaycanlı diaspor liderinin özünün axtarışa verilməsinə, oğlu Mütvəli Şıxlinskinin isə həbs edilməsinə şəxsən Rusiyanın Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironovun müraciətinin səbəb olduğu bildirilir. Sergey Mironov sosial şəbəkədə yazıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun rəsmi müraciəti əsasında saxlanılıb. Bu adam Rusiya Dumasının təmsilçisi olaraq azərbaycanlılara qarşı repressiyaları qızışdırmağa yönələn bəyanatla çıxış edir. Mironov bildirib ki, onun müraciətinin əsas hədəfi bütün Azərbaycan diasporunun yoxlanılmasıdır. Bu sıraya Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının yoxlanılması da daxildir. Bu bazarlar Rusiyada tanınmış azərbaycanlı mənşəli milyarder God Nisanova məxsusdur. Beləliklə, Kreml Şahin Şıxlinskinin özünün və oğlunun ardınca, Qod Nisanovu da hədəf alıb.
Bütün bunlar təsadüfdürmü? Əlbətti ki, yox! Bu cür kritik addımlarla bağlı qərarlar heç vaxt təsadüfən verilmir. Ortada çox böyük bir anti-Azərbaycan planı var. Sergey Mironov hazırkı Rusiya siyasi elitasında sıradan bir şəxs deyil. Onun Azərbaycan diasporuna qarşı yeni hücum mərhələsini açıq şəkildə elan etməsi, əslində, birbaşa Kremlin Azərbaycan diasporuna qarşı məqsədyönlü təzyiq dalğasını başlatdığını göstərir. Kreml “hüquqi tədbirlər” adı altında diaspor üzərindən Azərbaycan dövlətinə qarşı siyasi təzyiq kampaniyası aparır. Artıq sıravi azərbaycanlı miqrantlarla yanaşı, diaspor rəhbərlərinin və Rusiya iqtisadiyyatında böyük çəkiyə malik azərbaycanlı iş adamlarının da hədəf alınması Putin Rusiyasının ölkəmizə qarşı məkrli niyyətlərindən xəbər verir.
Kremlin ana hədəfi Azərbaycanı müstəqil, suveren siyasət yürütmək kursundan çəkindirmək və ölkəmizi Rusiyanın təsir dairəsinə cəlb etməkdir. Lakin Rusiya rəhbərliyinin bu cür neoimperialist planları Azərbaycanı öz haqq yolundan çəkindirə bilməz. Azərbaycan rəhbərliyi müstəqil xarici siyasət yürütmək kursunu bundan sonra da davam etdirəcək. Rəsmi Moskva isə imperiya təfəkküründən əl çəkib öz qonşuları ilə, o cümlədən Azərbaycan Respublikası ilə sivil, bərabərhüquqlu münasibətlər qurmağa səy göstərməlidir.
Miqrantlar və diaspor fəalları üzərindən Azərbaycana təzyiq göstərmək Rusiyaya başucalığı gətirmir. Rusiya lideri artıq bu gerçəyi anlamalıdır. Putin, həmçinin başa düşməlidir ki, suveren Azərbaycana təzyiq göstərmək faydasızdır. Miqrantları, diaspor fəallarını sıxışdırmaq Rusiyanın özü üçün zərərlidir. Biz isə Rusiyada yaşayan azərbaycanlıları birliyə, həmrəyliyə çağırırıq. Soydaşlarımız bu həssas məqamda həm bir-birilərinə dəstək verməli, həm də maksimum dərəcədə ayıq və təmkinli davranaraq Kremlin onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək məqsədinə mane olmalıdırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.