ABŞ prezidenti Donald Trampın keçmiş prezident (2019-2022) Jair Bolsonaronun məhkəməsini dayandırmaq çağırışları Braziliyanın suverenliyinə hücumdur.
Musavat.com xəbər verir ki, bunu Braziliya prezidenti Lula da Silva xalqa müraciətində deyib: “Braziliyanın məhkəmə sisteminə təsir etmək cəhdləri milli suverenliyə ciddi hücumdur”.
Prezidentin sözlərinə görə, o, “ölkəyə edilən bu hücumun bir çox braziliyalı siyasətçinin dəstəyini alması”ndan hiddətlənib: “Onlar əsl Vətən xainləridir”.
Bundan əvvəl Tramp Braziliya hakimiyyətini Bolsonaroya qarşı hərəkətlərinə görə tənqid edib, məhkəmə prosesini dayandırmağa çağırıb.
Lula da Silva həmçinin ABŞ rəhbərliyinin avqustun 1-dən Braziliya mallarına 50 faizlik rüsum tətbiqini elan etdikdən sonra ölkə iqtisadiyyatını qorumaq üçün istənilən tədbiri görməyə hazır olduğunu bəyan edib: “Lazım gəlsə, iqtisadiyyatımızı qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik: Ümumdünya Ticarət Təşkilatına müraciətlərdən tutmuş İqtisadi Qarşılıqlılıq Aktının tətbiqinə qədər”. Qanun aprelin 11-də qəbul edilib və kommersiya güzəştlərinin, investisiyaların və əqli mülkiyyət hüquqları ilə bağlı öhdəliklərin dayandırılması meyarlarını özündə əks etdirir: “Tarif müharibələrində qalib yoxdur. Biz sülhsevər ölkəyik, düşmənimiz yoxdur. Biz ölkələr arasında çoxqütblülüyün və əməkdaşlığın tərəfdarıyıq. Ancaq heç kim unutmasın ki, Braziliyanın yeganə ağası onun xalqıdır”.
Comments are closed.