İsrail yenidən Suriyaya zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları səhər tezdən ölkənin şimal-qərbində Suriya hökumətinin bazalarına zərbələr endirib.

Musavat.com xəbər verir ki, məlumatı “Al Mayadeen” telekanalı yayıb.

Məlumata görə, təyyarələr Latakiya şəhəri yaxınlığında (Dəməşqdən 320 km məsafədə) 132-ci motoatıcı briqadanın dislokasiya ərazisinə hücum edib.

Bundan əlavə, Cəblədəki 107-ci Zirehli Briqadanın bazasına da zərbələr endirilib. Bu hava hücumlarının nəticələri və mümkün itkilər barədə təfərrüatlar verilmir.

Xatırladaq ki, iyulun 16-da İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji hədəflərə, xüsusilə də Əbu Rummana məhəlləsində Suriya Ordusunun Baş Qərargahının binaları kompleksinə və Prezident Sarayına zərbələr endirib. Son hücumlar gecə saatlarında Suriya paytaxtının qərbində və Əl-Müədəmiyə ətrafında yerləşən Mezza hərbi aerodromunda həyata keçirilib.

Dünən həmçinin İsrailin pilotsuz təyyarələri Əs-Suveyda şəhərinin kənarında (Dəməşqdən 90 km aralıda) keçid hökumətinin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının karvanını atəşə tutub. Telekanalın məlumatına görə, hücum zamanı 15-dən çox hərbçi ölüb və yaralanıb.

Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti druzların yaşadığı ölkənin cənubundakı Əs-Suveyda şəhərindən və ətraf rayonlardan qoşunlarını çıxarmasa, İsrail Suriyaya zərbələr endirməyə davam edəcək.

Ərəb Respublikasının Müdafiə Nazirliyi iyulun 16-da əldə olunmuş atəşkəs razılaşmasına uyğun olaraq bütün hərbi qüvvələrini Əs-Suveydadan çıxardığını elan edib. Açıqlamada qeyd edildiyi kimi, “qoşunlar şəhərin qeyri-qanuni qruplaşmalardan təmizlənməsini tamamladıqdan sonra Əs-Suveydadan ayrılır; polis qüvvələri ora nəzarəti həyata keçirəcək”.

 

Comments are closed.

Tərcümə »