İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) nümayəndə heyəti Xorvatiyaya səfəri çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində təcrübə mübadiləsi aparıb.
İctimai Rəy xəbər verir ki, ƏMDX məlumat yayıb.
Bildirilib ki, Dövlət Xidmətinin nümayəndə heyəti Xorvatiyanın Dövlət Geodeziya İdarəsi, o cümlədən Fiziki Planlama, Tikinti və Dövlət Əmlakı Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyində kadastr və daşınmaz əmlakın qeydiyyatı, torpaqların və dövlət əmlakının idarəedilməsi sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra görüşlər keçirib.
Nümayəndə heyəti adıçəkilən dövlət qurumlarının fəaliyyətləri, informasiya sistemləri, eləcə də tətbiq olunan yeniliklər və həyata keçirilən uzunmüddətli strateji dövlət proqramları ilə tanış olub. Xorvatiyalı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri, xəritəçəkmə, geodeziya, milli məkan məlumatları, torpaqların konsolidasiyası, o cümlədən dövlət əmlakının səmərəli idarəedilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatlar edilib.
Dövlət Xidmətinin əməkdaşları ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat veriblər.
İki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək, rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemləri, o cümlədən dövlət əmlakının səmərəli idarəedilməsi üzrə təcrübə mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.


Comments are closed.