15 iyul hadisələri Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının növbəti dəfə tarixin sınağından üzüağ çıxması baxımından da olduqca əlamətdardır
Bu gün qardaş Türkiyə üçün tarixi gündür. 15 İyul – Demokratiya və Milli Birlik Günü Türkiyənin ən yeni tarixində çox önəmli bir yer tutur. Doqquz il əvvəl məhz bu gün Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda vurğulandığı kimi həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz türk xalqı Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı.
Beləliklə, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” çağdaş Türkiyə cəmiyyətində güclü və sarsılmaz milli iradənin, birlik və həmrəyliyin, gerçək vətənpərvərliyin Zəfərinin qeyd edildiyi əlamətdar tarixi hadisəyə çevrildi. 15 iyul hadisələri həm də Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının növbəti dəfə tarixin sınağından üzüağ çıxması baxımından da olduqca əlamətdardır. Həmin vaxt Azərbaycan qardaş ölkəyə güclü dəstəyini növbəti dəfə nümayiş etdirdi.
Belə ki, 15 iyul çevrilişinə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana dəstək zəngini bu gün də hər kəs yaxşı xatırlayır. Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi. Bəli, əsl qardaşlıq və strateji ortaqlıq, müttəfiqlik məhz belə kritik məqamlarda, həssas anlarda özünü əyani şəkildə göstərir. Azərbaycan da qardaş Türkiyənin bütün acılı-sevincli günlərində onun yanında olmaqla gerçək qardaşlıq örnəyi göstərir.
Cənab Prezidentimizin sözügedən məktubunda da qeyd olunduğu kimi, bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Dövlətimizin başçısı, həmçinin məktubda tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə əminliyini ifadə edib. İnanırıq ki, belə də olacaq. Azərbaycan və Türkiyə bir-birinin sevinc və dərd ortağıdır. Birliyimiz və həmrəyliyimiz sarsılmazdır. Ölkələrimiz gələcək böyük hədəflərə doğru çiyin-çiyinə inamla addımlayır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.