Sabah Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri gözlənilir. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə yeni impuls verməkdir. Bununla əlaqədar iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşün keçirilməsi planlaşdırılır. Ermənistan KİV-nin yaydığı məlumata görə, Nikol Paşinyan artıq bu gün (iyulun 9-da) Birləşmiş Ərəb Əmirliklərinə yola düşür. İki ölkə lideri arasında Əbu-Dabidə keçiriləcək görüş sözsüz ki, xüsusi əhəmiyyət daşıyır.
Bu görüşün nəticələri bu gün ciddi geosiyasi təhdid və çağırışlarla üzləşən Cənubi Qafqazda cərəyan edən proseslərin gedişinə həqiqətən də köklü təsir göstərə bilər. Rusiyanın gündən-günə artan təhdidləri və regionda marağı olan digər güclərin aktivləşməsi sülh prosesinin sürətləndirilməsini zəruri edir. Ermənistan rəhbərliyi artıq anlamağa başlayıb ki, sülh prosesinin süni surətdə uzadılması ilk növbədə Ermənistanın özü üçün zərərlidir. Buna görə də rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında sülh prosesini sürətləndirməyin vacibliyini açıq şəkildə hiss edir. Həmçinin, seçki öncəsində Kremlə bağlı qüvvələrin – radikal müxalifət, kilsə və bəzi iş adamlarının hakimiyyətə qarşı birləşməsi də Nikol Paşinyanı sülh prosesini yubatmağın təhlükəli olduğu fikrini qəbul etməyə vadar edir. Ona görə də bu gün həm Paşinyanın, həm də bütövlükdə Ermənistanın taleyi Azərbaycanla sülhdən asılıdır.
Bu baxımdan, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü tarixi əhəmiyyət daşıyır. Sabahkı görüş Ermənistanın real sülhə doğru dönüş nöqtəsi ola bilər. Rəsmi İrəvan Azərbaycanın sülh prosesini sürətləndirmək təşəbbüsünə qoşulmağa məcburdur. Ermənistanın başqa yolu yoxdur. Əks təqdirdə, Ermənistan regionda gedən qlobal iqtisadi inteqrasiya prosesindən kənarda qalacaq və yenidən Rusiyanın forpostuna çevrilmək təhlükəsi ilə üzləşəcək. Ermənistan rəhbərliyi reallıqları düzgün dəyərləndirməli və Rusiyanın hərbi-siyasi təzyiqlərindən, iqtisadi buxovlarından qurtulmaq üçün Azərbaycanın təklif etdiyi “yol xəritəsi” ilə hərəkət etməlidir. Bu mənada sabahkı görüş regionun gələcək taleyinə ciddi təsir göstərə bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.