Bu gün dünyanın diqqəti Xankəndidə – postmüharibə Azərbaycanının hərbi və geosiyasi gücünün, qüdrətinin rəmzinə çevrilən, beynəlxalq diplomatiya mərkəzi kimi tanınmağa başlayan azad və çiçəklənən şəhərimizdədir. Şuşanın ardınca beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayan Xankəndi şəhərində bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz çıxışlarında qeyd etdikləri kimi bu Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan son beş ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini bu Zirvə görüşünün vasitəsilə beynəlxalq ictimaiyyətə təqdim edir.
44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən və 2023-cü ilin antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasından sonra bu bölgədə, bu şəhərdə görülən işləri mötəbər qonaqlara təqdim etmək həqiqətən də qürurvericidir. Xankəndi ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarını qəbul edir. Belə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməklə Xankəndi öz tarixinin ən yeni səhifəsini yazır. Dünya siyasətinin tanınmış simalarının Xankəndidə qarşılanması həm də suverenliyimizin təsdiqidir. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın, Türkmənistan, Əfqanıstan və bir sıra digər ölkələrin nümayəndə heyətlərinin Xankəndidə qarşılanması Azərbaycanın hərbi, siyasi və diplomatik uğurlarının beynəlxalq legitimlik qazandığının sübutudur.
Bu gün paytaxtımızla yanaşı, Şuşa, Laçın və Xankəndidə də müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi eyni zamanda bütün dünya azərbaycanlılarının da qürur mənbəyinə çevrilir. İƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycanla həmrəyliyin göstəricisidir. Xankəndi artıq həm Türk dünyasının, həm də İslam aləminin siyasi mərkəzlərindən birinə çevrildi. Geosiyasi önəmi sürətlə artan Azərbaycan bu gün Xankəndidən bölgədə artıq yeni güc mərkəzi formalaşmasının mesajını verir.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qurduğu münasibətlər ölkəmizin həm regional, həm də beynəlxalq iqtisadi əlaqələr sistemində fəal mövqeyə malik olduğunu aydın şəkildə göstərir. Geosiyasi əhəmiyyətimiz, hərbi gücümüz və iqtisadi qüdrətimizin artması istər İƏT üzvləri arasında, istərsə də digər beynəlxalq platformalarda nüfuzumuzu daha da artırır. Xankəndinin ev sahibliyi etdiyi bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. İki gün davam edəcək Zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Bu məsələlər Azərbaycanın dəstəklədiyi strateji istiqamətlərdən, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Xankəndi sammiti Azərbaycanın İƏT çərçivəsində regional əməkdaşlığa verdiyi töhfələri artırmaqla yanaşı, təşkilata üzv dövlətlər arasında əlaqlələrin daha da dərinləşməsinə xidmət edəcək.
Azərbaycan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Ölkəmizin bu təşkilat çərçivəsindəki fəal mövqeyi beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycan İƏT-in işində həmişə fəal iştirak edib və hazırda da İƏT-ə üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir. Zirvə görüşünün Xankəndidə keçirilməsi bu şəhərin yeni beynəlxalq diplomatik mərkəzlərdən birinə çevrilməsinin təməlini qoymaqla yanaşı, bütövlükdə bölgənin inkişafına da mühüm töhfə verəcək.
Xankəndi Zirvə görüşü çərçivəsində Özbəkistan və Qırğızıstan liderlərinin Prezident İlham Əliyevlə birlikdə Bakıda, Ağdamda, Xankəndidə bir sıra açılışlara, tədbirlərə qatılması da ayrıca olaraq Türk birliyinin güclənməsinməsi baxımından böyük önəm daşıyır. Beləliklə, Azərbaycan türk liderlərini bir araya gətirmək, Türk dünyasını birləşdirmək missiyasını davam etdirir. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə toplantısına ev sahibliyi etməklə isə ölkəmiz dünya birliyini Xankəndi gerçəkliyi ilə üz-üzə qoydu. Belə ki, uzun müddət Ermənistanın işğalı altında olmuş bu şəhərimizdə İƏT Zirvəsinin keçirilməsi yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyiyini təsdiqləyir. Azərbaycan tarixi ədaləti bərpa edən bir ölkə kimi bu gün Xankəndidən dünyaya sülh və quruculuq mesajı verir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.