Azərbaycan dili fənni üzrə iyunun 29-da keçirilən test imtahanının nəticələri elan olunub.
İctimai Rəy xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd edilib ki, DİM tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı çərçivəsində mayın 4-də keçirilən Azərbaycan dili imtahanında üzrlü səbəblərdən iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı keçirilib.
İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 iyul saat 10:00-dan 6 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Comments are closed.