Bu gün ölkəmizdə Polis Günü qeyd olunur. Şərəfli yol keçmiş Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul – Azərbaycan Polisi Günü elan edilib. Cümhuriyyət dönəmində müasir dövlətçiliyimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında mühüm rol oynayan polis orqanları ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizədə və müstəqilliyimizin müdafiəsində də xüsusi fəallıq göstərib.
Dövlətin və xalqın gücü sözsüz ki, ilk növbədə onun ordusunun və polisinin, eləcə də xüsusi xidmət orqanlarının peşəkar fəaliyyətində təzahür edir. Bu mənada, 1988-1989-cu illərdən başlayan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə ilk cavab verən keçmiş milis (indiki polis) qüvvələri və Daxili Qoşun hissələri ərazi bütövlüyümüzün qorunması uğrunda əsl fədakarlıq göstəriblər. Belə ki, Birinci Qarabağ müharibəsində erməni işğalçıları ilə döyüşlər zamanı 1700-ə yaxın polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri igidliyə görə 67 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 1143 nəfər isə müxtəlif orden və medallarla təltif olunub.
Həmçinin, 44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatı dönəmində də Daxili İşlər Nazirliyinin (DİN) müvafiq strukturları Qarabağ və Şərqi Zəngəzurda ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasında mühüm rol oynayıb. İkinci Qarabağ müharibəsində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıb. Həmin döyüşlər zamanı Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfəri isə yaralanıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfəri müxtəlif orden və medallarla təltif olunub, 4 nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
2023-cü il sentyabrın 19-da Xankəndi şəhəri ətrafında öz vəzifə borcunu yerinə yetirərkən polislərimizin ermənilərin basdırdıqları minaya düşərək həlak olması antiterror əməliyyatının başlanmasında əsas rol oynadı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz cəmi 23 saata Qarabağın bütün ərazisini mənfur erməni separatçılarından təmizlədi, suverenliyimizi bərpa etdi. Antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız arasında DİN-in 20 əməkdaşı da vardı.
44 günlük müharibəsindən və antiterror əməliyyatından sonrakı dönəmdə Qarabağ və Şərqi Zəngəzurda yaradılan müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsində də Azərbaycan polisi mühüm rol oynayıb. Bu gün həmin ərazilərin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsində, təhlükəsizliyin təmin olunmasında polislərimiz xüsusi fədakarlıq göstərirlər. Eləcə də hazırda Böyük Qayıdış prosesinin təhlükəsiz icrası və azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin edilməsi sahəsində Qarabağ və Şərqi Zəngəzurda polislərimizin fasiləsiz xidmət həyata keçirdiklərini qeyd etməliyik.
Mən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə işğaldan azad olunan ərazilərə səfərlərimiz əsnasında ərazidə xidmət edən polislərimizin yüksək peşəkarlıq, qətiyyət və fədakarlıq nümayiş etdirdiklərini dəfələrlə müşahidə etmişəm. Bu gün Prezident İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində və Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərliyi ilə Azərbaycan polisi MDB məkanında ən peşəkar və güclü hüquq-mühafizə orqanlarından biri kimi tanınır.
Biz Azərbaycan polislərinin Rusiya polislərindən, “OMON”-çularından yaxşı mənada fərqini bugünlərdə keçirilən əməliyyatlar zamanı da gördük. Yekaterinburqda və Voronejdə azərbaycanlılara qarşı barbarlığa yol verən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarından fərqli olaraq, bizim polislərimiz istər “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı, istərsə də Rusiya-İran istiqamətində narkotik qaçaqmalçılığı ilə məşğul olan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvləri saxlanılarkən əsl peşəkarlıq və sivil davranış nümayiş etdirdilər.
Qəhrəman polislərimiz bizim güvənc yerimizdir. Mən ölkəmizdə sabitliyin və ictimai asayişin qorunması istiqamətində, cinayətkarlığa qarşı mübarizə sahəsində yorulmadan xidmət göstərən polis orqanlarının bütün şəxsi heyətini 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə ürəkdən təbrik edir və bu peşə bayramı günündə hər bir polis əməkdaşına çətin və şərəfli xidmətində uğurlar arzulayıram.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.