Taliban hökumətinin nümayəndə heyəti Əfqanıstanda narkotiklərlə mübarizə və özəl sektorun inkişafı üzrə BMT işçi qruplarının iclaslarında iştirak etmək üçün Dohaya gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Hafiz Ziya Əhməd açıqlayıb.
Onun sözlərinə görə, Əfqanıstan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Sənaye və Ticarət Nazirliyinin, Mərkəzi Bankın nümayəndələri daxildir. Sözçü qeyd edib ki, Əfqanıstan rəsmiləri Əfqanıstan üzrə BMT-nin təşəbbüsü ilə aparılan danışıqlar prosesində iştirak edən ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və ona nəzarət, narkomanların müalicəsi, özəl sektorda əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ilə bağlı bir sıra görüşlər keçirmək niyyətindədirlər.
Qətərin BMT-dəki Daimi Nümayəndəsi Alia Əhməd bin Saif Al Taninin bundan əvvəl verdiyi məlumata görə, BMT-nin başlatdığı danışıqlar prosesi çərçivəsində iyunun 30-dan iyulun 1-dək Dohada narkotiklərlə mübarizə üzrə işçi qrupun üçüncü iclası və Əfqanıstanda özəl sektorun inkişafı üzrə işçi qrupun ikinci iclası keçiriləcək.
Comments are closed.