Biz dövlətimizin cavab addımlarını birmənalı olaraq dəstəkləyirik

Yekaterinburq hadisələrinin (iyunun 27-də orada güc strukturları tərəfindən azərbaycanlılara qarşı törədilən basqın və zorakılıqların) ardınca baş verən proseslər bir daha Rusiyanın gerçək simasını ortaya qoyur. 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması, səfirimizə “Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilməsi” və “Sputnik-Azərbaycan”ın ofisində “jurnalist” adı altında fəaliyyət göstərən FTX agentlərinin “dərhal azad edilməsi tələbi ilə” səfirə şifahi nota təqdim edilməsi kimi faktlar fikrimizi təsdiq edir.

Eləcə də Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “İnterfaks” agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı subyektiv, qərəzli şərhlər verməsi və onun Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması da Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran hərəkətlərdir. Bu onu göstərir ki, Rusiya rəsmiləri artıq tamamilə reallıq hissini itirməkdədirlər. Onlar “FSB” və “OMON”un Yekaterinburqda azərbaycanlılara qarşı yol verdiyi vəhşiliyin nəticələrini ədalətlə qiymətləndirmək əvəzinə, Azərbaycana qarşı növbəti səhvlərə yol verilməsini davam etdirirlər.

Azərbaycanın cavab tədbirləri isə tam qanuni və adekvat xarakter daşıyır. Rusiyadakı fövqəladə və səlahiyyətli səfirimiz Rəhman Mustafayevin bu gün Rusiya Xarici İşlər Nazirliyində görüş zamanı ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notasını qarşı tərəfə təqdim etməsi və eləcə də Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi də Rusiya tərəfinin layiq olduğu cavablardır. Həmçinin, “Sputnik” əməkdaşlarının saxlanılması ilə bağlı Rusiya tərəfinin narazılığının heç bir hüquqi əsası yoxdur. Bütün bu addımlar Azərbaycan dövlətinin suveren hüquqları çərçivəsində atılır. Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışa bilməz. Moskvanın buna haqqı yoxdur. Biz dövlətimizin cavab addımlarını birmənalı olaraq dəstəkləyirik. Rusiya özünü normal dövlət və müttəfiq kimi aparmağı öyrənməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »