Mən döyüş yolu keçmiş bir azərbaycanlı kimi qalib Ordumuzun bütün şəxsi heyətini Ordu Günü münasibətilə təbrik edirəm

Azərbaycan Milli Ordusunun yaradılmasından 107 il ötür. Artıq 20 ildən çoxdur ki, hər il 26 iyun tarixi Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi rəsmi dövlət səviyyəsində qeyd olunur. Bu günün hərbi bayramımız kimi qeyd olunmasının təşəbbüskarı da məhz Ulu Öndər Heydər Əliyev olub. Onun 22 may 1998-ci ildə imzaladığı fərmanı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. Müasir tariximizin şanlı səhifələrindən birini təşkil edən bu əlamətdar gün həm dövlətimizin və millətimizin, həm də Milli Ordumuzun gücünü, qətiyyətini və döyüş əzmini təcəssüm etdirir.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan, 1918-ci il 26 iyun tarixli fərmanla yaradılan Azərbaycan Milli Ordusu ötən 107 il ərzində şərəfli bir yol keçib və bu gün nəinki regionun, hətta dünyanın ən güclü orduları sırasına yüksəlib. Azərbaycan Silahlı Qüvvələrinin bugünkü qalib ordu səviyyəsinə gəlib çıxmasında və regionun ən güclü ordusuna çevrilməsində ilk növbədə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etməliyik.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süquta uğradıldıqdan sonra sovet-bolşevik hökuməti Milli Ordumuzu da ləğv etdi, generallarımızı isə repressiyaya məruz qoydu. Çar Rusiyasının azərbaycanlılara qarşı hərbi siyasətini bir qədər fərqli şəkildə davam etdirən Kreml sovet ordusunda xidmət edən azərbaycanlıların peşəkar hərbçi kadrlar kimi yetişməsinə, onların müasir silahların sirrlərinə yiyələnməsinə hər vasitə ilə mane olurdu. Azərbaycanlı əsgərləri qəsdən tikinti batalyonlarına, əsgər yeməkxanalarına, digər cari işlərə yönəldirdilər.

Kremlin bu siyasətinin məkrli məqsədini vaxtında başa düşən Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində, Azərbaycana birinci rəhbərlik dönəmində gənclərimizin keçmiş Sovetlər İttifaqının müxtəlif ali təhsil müəssisələrinə göndərilməsini təmin etməklə yanaşı, həmçinin hərbi təhsil sahəsinə də xüsusi diqqət yetirərək, bir çox azərbaycanlı gənclərin SSRİ-nin hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. 1971-ci ilə Cəmşid Naxçıvaanski adına Hərbi Məktəbin yaradılması isə Ulu Öndər Heydər Əliyevin gələcək Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması və bunun üçün milli hərbi kadrların yetişdirilməsi istiqamətində atdığı tarixi addım idi. Məhz C.Naxçıvanski adına Hərbi Litseyi və digər sovet ali hərbi məktəblərini bitirmiş Azərbaycan hərbçiləri sonradan Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda misilsiz qəhrəmanlıqlar göstəriblər.

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı ilk illərdə də (1990-cı illərin əvvəlləri) həm Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunmasını dayandırmaq, həm də bütövlükdə ölkəmizin müdafiə qüdrətinin artırılması üçün ordu quruculuğu sahəsində mühüm işlər görüb. Həmin dövrdə ölkədə hökm sürən xaos və siyasi çəkişmələr əsas etibarilə könüllülərdən ibarət olan ordunun da iflic vəziyyətə düşməsinə səbəb olmuş və müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın müdafiə qabiliyyətini ciddi şəkildə zəiflətmişdi.

Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn və az sonra Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev böyük idarəçilik təcrübəsinin sayəsində ölkədə sabitliyi təmin etməklə yanaşı, hərbi sahədə də vəziyyəti kökündən dəyişməyi, əsaslı dönüş yaratmağı bacardı. Beləliklə, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu yenidən prioritet istiqamətlərdən birinə çevrildi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə start verildi.

Məhz Ulu Öndərin bilavasitə rəhbərliyi ilə 1990-cı illərin ortalarından etibarən Azərbaycanın NATO Alyansı ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin sürətləndirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə və müasir standartlara uyğunlaşdırılmasına təkan verdi. Belə ki, 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə NATO-nun “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə bu alyansın “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Bunun nəticəsində minlərlə Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəmək imkanı qazandı.

Eləcə də, Heydər Əliyevin müvafiq fərmanları ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiya yaradıldı. 2001-ci il avqustun 20-də isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi kimi yenidən formalaşdırıldı. Ulu Öndərimizin uzaqgörənliklə həyata keçirdiyi bu islahatlar Azərbaycanın müstəqil hərbi potensiala malik ölkə kimi formalaşmasına xüsusi təkan verib. Bununla yanaşı, beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşmaq mərhələsini uğurla keçdi və postsovet məkanında ən müasir orduya çevrildi.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tezliklə Cənubi Qafqazın aparıcı hərbi gücü səviyyəsinə yüksəldi. Başqa sözlə desək, müstəqilliyinin bərpasının ilk illərindən hərbi təcavüzə məruz qalan, torpaqları işğal olunan Azərbaycanın ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısının yürütdüyü mükəmməl hərbi siyasət nəticəsində müdafiə qabiliyyətimiz maksimum dərəcədə möhkəmləndirildi və Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan bütün hədəflərə nail olmaq iqtidarına malik peşəkar ordu kimi formalaşdı.

Qarşıya qoyulan əsas hədəf isə təbii ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması idi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun illər boyu keçdiyi inkişaf yolunun real nəticəsini ortaya qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı mənfur erməni işğalından azad etməklə həm tarixi ədaləti bərpa etdi, həm də dövlətimizin hərbi gücünü, xalqımızın döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Ermənistanın 10 noyabr sənədini (kapitulyasiya aktını) imzalaması ilə ölkəmiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu müharibədə qazandığımız tarixi Zəfər xalq-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində isə qondarma separatçı rejiminin darmadağın edilməsinə və suverenliyimizin tam bərpasına nail olan Azərbaycan Ordusu sözün əsl mənasında tarix yazdı, Qalib Ordu statusunu daha da möhkəmləndirdi.

Bu gün Azərbaycan Ordusu qlobal reytinq mərkəzlərinin hesabatlarına əsasən, dünyanın 50 ən güclü ordularının sırasında yer alır. Bu cür yüksək reytinq ölkəmizin hərbi potensialının beynəlxalq səviyyədə tanınmasını təmin etməklə yanaşı, həm də qalib Ordumuzla haqlı olaraq fəxr etməyimizə əsas verir. Şanlı Zəfərimizin daşıyıcısı və qoruyucusu olan Silahlı Qüvvələrimiz bu gün hər birimizin güvənc yeridir. Biz ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhid olmuş hərbçilərimizin hər birini dərin minnətdarlıq hissilə yad edirik. Qəhrəman əsgər və zabitlərimizlə, döyüş generallarımızla, qazilərimizlə qürur duyuruq. Müzəffər Ali Baş Komandanımızla fəxr edir və gələcəyə inamla baxırıq.

Mən döyüş yolu keçmiş bir azərbaycanlı kimi, Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi qalib Ordumuzun bütün şəxsi heyətini 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edir, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda fədakarlıq göstərmiş bütün hərbçilərimizə öz təşəkkürümü bildirirəm. Qalib Ordumuza eşq olsun! Yaşasın Azərbaycan!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »