Tramp müharibəni dayandıra bilmir – İsrailə sosial mediadan təpindi

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailə qarşı nadir hallarda müşahidə olunan sərt və açıq bir çağırışla çıxış edib. Tramp özünün rəsmi sosial media hesabından etdiyi paylaşımda İsrailin mümkün hücum planını “böyük pozuntu” adlandırıb və dərhal dayandırılmasını tələb edib:

“İsrail. Bu bombaları atmayın. Əgər atsanız, bu, ciddi bir pozuntu olacaq. Pilotlarınızı dərhal evə qaytarın! Donald J. Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti”.

Artıq görünən odur ki – və ya bəlkə də belə bir görüntü yaradılır ki – İsrail Tramp administrasiyası ilə tam şəkildə koordinasiya aparmadan, bəlkə də ABŞ-ın razılığı olmadan öz planlarını həyata keçirməkdədir. Ən azı, Trampın bu tərzdə sərt və təzyiq dolu mesajı sosial mediada paylaşması, Vaşinqton-Təl-Əviv xəttində koordinasiyanın zəiflədiyi təsəvvürünü yaradır.

Qəribəsi də budur ki, bu cür taleyüklü hərbi əməliyyatlarla bağlı ABŞ Prezidenti mətbuat konfransı və ya diplomatik kanallardan deyil, sosial media vasitəsilə birbaşa “stop” siqnalı verir. Bu, siyasi və diplomatik baxımdan nadir və heyrətamiz bir haldır.

Trampın bu çağırışı Qərb mətbuatında “Prezidentin açıq qəzəbi”, “İsraillə fikir ayrılığı”, “Vaşinqtonun diplomatik qəzəbi” kimi başlıqlarla yayımlanıb. Analitiklər hesab edirlər ki, Tramp bu mesajla həm də qlobal ictimaiyyətə “ABŞ məsuliyyətsiz müharibə planlarının yanında deyil” mesajı verir.

Bu, həm də onu göstərir ki, ABŞ prezidentinin öz müttəfiqinə “sosial media üzərindən” sərt xəbərdarlıq etməsi diplomatiya tarixində nadir və analoqsuz hal kimi dəyərləndirilir.

Musavat.com Trampın bu qeyri-adi çıxışını və Vaşinqton-Təl-Əviv xəttindəki gərginlik siqnallarını diqqətlə izləməyə davam edir.

Comments are closed.

Tərcümə »