Böyük Zəfərimizin adını daşıyan yeni elektrik stansiyası enerji təhlükəsizliyimizin möhkəmləndirilməsinə mühüm rol oynayacaq
Azərbaycanın enerji paytaxtı sayılan Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı tarixi hadisədir. İyunun 24-də keçirilən və bir sıra xarici nümayəndə heyətlərinin də qatıldığı açılış mərasimində Prezident İlham Əliyev çıxış etdi, mühüm mesajlar verdi. Müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi statusunu qazanan “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sferasında aparıcı mövqe qazanır. Bu nəhəng layihənin ən önəmli funksiyaıarından biri də ondan ibarətdir ki, “8 Noyabr” stansiyası ölkəmizin daxili enerji tələbatının ödəməklə bərabər, həmçinin ölkə xaricinə enerji ixrac potensialının həcmini ciddi şəkildə artıracaq.
Beləliklə, bu stansiyanın yaradılması ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Prezident İlham Əliyev də “8 Noyabr” ES-in açılış mərasimindəki çıxışı zamanı bu məqama toxunaraq bildirdi ki, ölkəmizin ən böyük elektrik stansiyası sayılan və 1880 meqavat gücündə olan bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək.
Onu da qeyd etməliyik ki, Cənab Prezidentin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu nəhəng layihə rekord sayılacaq müddətdə – cəmi iki il ərzində uğurla başa çatdırılıb. Daha bir önəmli məqam da budur ki, “8 Noyabr” ES-in layihəsinin hazırlanması və icrasında İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, Azərbaycanın mühəndisləri də mühüm rol oynayıb. Eyni zamanda, stansiyanın tikintisində yerli ixtisaslaşmış “BCC Group” şirkəti də iştirak edib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın enerji sektorundakı milli kadr və sənaye potensialı kifayət qədər böyükdür.
Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə texniki həllərin ən müasir dünya təcrübəsi ilə uzlaşdırılaraq həyata keçirilməsi nəticəsində araya-ərsəyə gətirilən “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji təhlükəsizlik baxımından, həm də iqtisadi səmərəliliyi, faydalı iş əmsalı ilə həqiqətən də sözün tam mənasında nümunəvi enerji layihəsi hesab olunur. Ölkəmizin enerji siyasətində yeni mərhələnin başlanmasının rəmzinə çevrilən bu stansiyanın qısa zaman kəsiyində inşa edilib istifadəyə verilməsində yerli mütəxəssislərimizlə yanaşı, İtaliya və Çin şirkətlərinin də böyük payı var. Bunu Prezident İlham Əliyev də açılış mərasimindəki çıxışında qeyd etdi və İtaliyadan, Çindən olan qonaqlara təşəkkürünü bildirdi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlinin qoyulması ilə Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilən Mingəçevirdə bu gün istismara verilən “8 Noyabr” Stansiyasının fəaliyyəti bir çox məqsədləri təmin edəcək və həm də milli təhlükəsizliyimizi daha da gücləndirəcək. Bu baxımdan, Prezident İlham Əliyev öz çıxışında tamamilə haqlı olaraq qeyd etdi ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Dövlətimizin başçısı onu da vurğuladı ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır.
Hazırda dünyanın bir çox bölgələrində, o cümlədən Avropa məkanında da enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığı hər kəsə məlumdur. Biz də bu təhlükəli mərhələdən keçmişik. Prezidentin vurğuladığı kimi biz müharibə nədir, yaxşı bilirik: “Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”.
Həmçinin Xocalı soyqırımını törədən, işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistanın hərbi cinayətkar dövlət olduğunu qeyd edən dövlətimizin başçısı, 44 günlük İkinci Qarabağ müharibəsinin bizim Zəfərimizlə başa çatmasından sonra bu gün beş ildir ki, sülh şəraitində yaşadığımızı və ölkəmizin sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanındığını açılış mərasiminin iştirakçılarının diqqətinə çatdırdı.
Cənab Prezident, həmçinin öz çıxışında bu gün açılışı uğurla həyata keçirilən stansiyanın adının seçilməsi məsələsinə də toxundu. Belə ki, dövlətimizin başçısı təklif edilən variantlar arasında məhz “8 Noyabr” adını seçdiyini bildirdi: “Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”.
Biz də Prezidentimizin bu inamına qoşularaq, bu gün açılışı gerçəkləşən enerji nəhəngimizə – “8 Noyabr” Elektrik Stansiyasına “xeyirli-uğurlu olsun” deyirik. Böyük Zəfərimizin adını daşıyan bu yeni elektrik stansiyasının açılışı ən yeni tariximizə qızıl hərflərlə yazılacaq və bu stansiya enerji təhlükəsizliyimizin möhkəmləndirilməsinə mühüm rol oynayacaq, ölkəmizin iqtisadi qüdrətinin artmasına uğurla xidmət edəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.