ABŞ Hərbi Hava Qüvvələrinin İranın Fordo, Nətənz və İsfahandakı üç nüvə obyektinə ağır bombalarla dağıdıcı zərbələr endirməsilə həm fars-molla rejiminin əzmi qırıldı, güvənc yeri məhv edildi, qüruru sındırıldı, həm də bütövlükdə İranın nüvə təhdidləri uzun müddətə (bəlkə də həmişəlik) neytrallaşdırıldı, zərərsizləşdirildi. Yeraltı bunkerlər əleyhinə bombalardan və “Tomahavk” qanadlı raketlərindən istifadə etməklə İranın əsas nüvə obyektlərinə endirilən bu cür sarsıdıcı zərbələrdən sonra İranın özünü toparlaması sözsüz ki, uzun zaman tələb edəcək. İran rəsmilərinin “bizə ciddi zərər dəyməyib, obyektlər əvvəlcədən boşaldılmışdı” tipli açıqlamaları da, əslində, yalandır. ABŞ-ın zərbələri İranın “bel”ini qırıb.
Fars-molla rejimi vəziyəti bu həddə çatdırmamalıydı. Ağlını və reallıq hissini itirən molla rejimi özünün nüvə silahına malik olmaq cəhdləri ilə həm də bizim Güney Azərbaycandakı milyonlarla soydaşımızı İran-İsrail və ABŞ-İran qarşıdurmalarının girovuna çevirir. Destruktiv siyasət yürütdüyünə görə bütün dünyada təklənmiş duruma düşən molla rejimi mənasız dirənişini davam etdirdikcə Güneydəki soydaşlarımızı da zərbə altında qoyur. 86 yaşlı Seyid Əli Xamenei öz canının hayına qalıb bunkerdə gizlənir, bizim soydaşlarımız isə bombardmanların fəsadları, fəlakətləri ilə üz-üzə qalmalı olur.
Molla rejiminin bundan sonrakı bütün sərsəmlikləri, dirənişləri İran xalqının, o cümlədən Güney azərbaycanlıların başında çatlayacaq. ABŞ prezidenti Donald Trampın vəd verdiyi iki həftəni gözləmədən İranın əsas nüvə mərkəzlərini qəfildən bombalaması molla rejiminə dərs olmalıdır. Çünki dünyanın bir nömrəli supergücü olan ABŞ bu bombardmanlarla kifayətlənməyə də bilər. Ona görə də molla rejimi reallıq hissinə qayıtmalı və sülhə yönəlik rasional addımlar atmalı, eyni zamanda, nüvə silahına malik olmaq iddialarından da əl çəkməlidir. İran kimi şər dövlətlərə nüvə silahına sahiblənmək imkanı verilməməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.