Fransalı vitse-prezident Bakıda hakim qarşında – Azərbaycanlı milyarderdən rüşvət qoparma qalmaqalının SENSASİON DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxs fransız və ingilis dillərini bilən tərcüməçilərlə təmin edilib. Məhkəmə ona hüquq və vəzifələrini izah edib. Anass Derraz hakim heyətinə etiraz etməyib. Anket məlumatlarının dəqiqləşdirilməsi zamanı məlum olub ki, Anass Derraz 1984-cü ildə Mərakeşdə doğulub, həm Fransa, həm də Mərakeş vətəndaşıdır, ailəlidir, iki övladı var. O, “SAUR” şirkətinin vitse-prezidenti vəzifəsini daşıyıb. Şirkət Dubayda qeydiyyatdan keçib.

Təqsirləndirilən şəxs məhkəmədən cinayət işinə xitam verilməsini və işin ibtidai istintaqa qaytarılmasını tələb edib. O, həmçinin bildirib ki, 11 aydır işsizdir, uşaqları Dubayda yaşayır və onların yanına getmək istəyir. Lakin məhkəmə bu vəsatəti təmin etməyib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına verilib. Rəsmi məlumata əsasən, Anass Derraza qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3-cü (rüşvət alma – passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, bu iş çərçivəsində Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla da ittiham olunur. İstintaq materiallarında bildirilir ki, Anass Derraz və Aleksandr Benalla 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı tətbiq olunan beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilirlər. Yerli və xarici mətbuatın yaydığı məlumata görə, Fransa rəsmiləri Fərhad Əhmədovdan milyonlarla dollar tələb edərək, qarşılığında onun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbslərdən azad ediləcəyini, eləcə də sanksiyalardan qorunacağını vəd ediblər. Rəsmi sənədlərə əsasən, Fərhad Əhmədov milyonlarla dollar rüşvətin bir hissəsini Anass Derrazın “Al Hilal Bank”dakı hesabına, digər hissəsini isə Aleksandr Benallanın “Bank of Africa United Kingdom PLC SC Par”dakı hesabına köçürüb.
Hazırda Anass Derraz Azərbaycanda məsuliyyətə cəlb edilib, ölkədən çıxışına qadağa qoyulub. Aleksandr Benalla isə beynəlxalq axtarışa verilib.

İnterpolun Baş Katibliyi bu ilin aprelində Benalla barəsində “Red Notice” – “Qırmızı bülleten” qərarı çıxarıb və bu barədə üzv ölkələrə bildiriş göndərib. Bu fakt DTX-nin təqdim etdiyi sübutların mötəbər və təkzibedilməz olduğunu təsdiqləyir. “Qırmızı bülleten”in qüvvəyə minməsi Benallanın olduğu ölkədə həbs edilməsi və ekstradisiya olunması imkanını yaradır. Məlumatlara görə, Aleksandr Benalla hazırda üçüncü bir ölkədə saxlanılıb və ekstradisiya prosedurlarına cəlb olunub.

Proses iyulun 3-nə təyin olunub.

Comments are closed.

Tərcümə »