“Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın birlik, həmrəylik abidəsidir

Azərbaycan və Türkiyə sevincli anlarında da, kədərli günlərində də daim bir-birinin yanında olmaları, bir-birilərinə gərəkən hər cürə dəstəyi vermələri ilə doğrudan da bütün dünyaya əsl dostluq və qardaşlıq nümunəsi göstərirlər. 2023-cü ilin fevralında Qəhrəmanmaraşda baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycanın heç bir dəvət, müraciət gözləmədən qardaş Türkiyəyə yardıma tələsməsi də sözügedən nümunəvi qardaşlığın, birliyin təzahürü idi. Prezident İlham Əliyevin söylədiyi kimi Azərbaycan xalqı həmin günlərdə bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etmişdi. Qardaşlıq borcunu yerinə yetirməyə tələsən on minlərlə, yüz minlərlə insanımız Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində qardaş ölkənin dərdinə şərik olmaq, zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərmək üçün ilk gündən əllərindən gələn köməyi, yardımı əsirgəmədilər.

Aradan il yarım keçəndən sonra, iyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakilə Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasiminin keçirilməsi də tarixin keşməkeşlərindən, sınaqlarından üzüağ çıxmış birliyimizin, qardaşlığımızın təsdiqidir. Bu mənada, Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılış mərasimindəki çıxışında haqlı olaraq qeyd etdi ki, Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin nümunəsidir.

““Azərbaycan” məhəlləsinə töhfə verən Can Azərbaycandakı on milyon bacı-qardaşlarımızı hörmətli dostum, qardaşım Prezident İlham Əliyevin şəxsində ürəkdən salamlayıram” deyərək, xalqımıza sevgi və salamlarını yetirən Türkiyə Prezidenti, Azərbaycanın 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələnin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələn ölkələrdən biri olduğunu xatırlatdı və Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacaqlarını bildirdi: “Bu gün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk. Bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var. “Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır”.

Memarlıq üslubu, modernliyi nöqteyi-nəzərdən həqiqətən də olduqca möhtəşəm olan “Azərbaycan məhəlləsi”nin salınmasına görə təkcə qardaş ölkənin rəhbəri deyil, sıravi insanları da, kahramanmaraşlılar da Azərbaycan Prezidenti İlham Əliyevə və xalqımıza ürəkdən təşəkkür edirlər. Bu gün həm Qarabağda, həm də Şərqi Zəngəzurda erməni vandalizminin ağır izlərini aradan qaldırmağa çalışan, işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-yenidənqurma işləri aparan Azərbaycan dövlətinin, eyni zamanda, qardaş Türkiyədən zəlzələdən zərərçəkənlər üçün yeni yaşayış massivini araya-ərsəyə gətirməsi gerçəkdən fövqəladə fədakarlıq, birlik və həmrəylik nümunəsidir.

Yeri gəlmişkən, Birinci Dünya müharibəsində işğalçı Qərb dövlətlərinin və çar Rusiyasının təhriki ilə türk ordusuna arxadan zərbə vuran xain ermənilər Kahramanmaraşın sakinlərinə də vəhşicəsinə hücum edib, bölgənin əliyalın, müdafiəsiz insanlarını qətlə yetiriblər. Bu baxımdan, bu gün Azərbaycan dövlətinin Qarabağla bərabər, Kahramanmaraşın da dirçəlməsinə dəstək verməsi həm də rəmzi xarakter daşıyır. 6 fevral zəlzələsi zamanı öz ailə üzvlərinin bir neçəsini itirmiş 68 yaşlı Oğuz Taner Azərbaycanın bu dəstəyinə minnətdarlığını belə ifadə edib: “Fəlakətin ilk günü yardıma gələnlərin azərbaycanlılar olduğunu görüncə hansı hisslər keçirdiyimi ifadə edə bilmirəm. Bir neçə il öncə Azərbaycanın Qarabağdakı Zəfərinə necə sevinmişdimsə, eyni hissləri həmin an yaşadım. Amma bu sevgi başqa bir sevgi idi, qardaşlığın nə demək olduğunu göstərən hüznlü sevgi idi. İndi biz Azərbaycanın şəhərimizin ən mərkəz hissəsində necə gözəl bir məkan yaratmasının şahidiyik. Azərbaycan məhəlləsi qardaşlıq simvolu olacaq”.

Prezident İlham Əliyev də Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı Azərbaycanın hər zaman Türkiyənin yanında, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu vurğuladı və bu gün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışının bizim birliyimizin, dostluğumuzun təzahürü olduğunu qeyd etdi. “Azərbaycan” məhəlləsinin yaradılmasının çox gözəl hadisə olduğunu diqqətə çatdıran dövlətimizin başçısı, həmçinin İkinci Qarabağ müharibəsində də Rəcəb Tayyib Ərdoğanın savaşın ilk günündən bizimlə çiyin-çiyinə bir yerdə olduğunu, onun Azərbaycana sıx dəstək verdiyini xatırlatdı: “Qarabağ məsələsində də biz əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatdı və biz tarixi ədaləti bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır”.

Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin təkcə bölgəmiz üçün deyil, dünya çapında önəmli faktor olduğunu vurğulayan dövlətimizin başçısı öz çıxışında tarixi Şuşa Bəyannaməsinin də birlik və müttəfiqliyimizin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırdı: “Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya çapında önəmli faktordur. Dörd il bundan əvvəl hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik, həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir birinin yanında inamla uğurla irəliləyir”.

Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı, mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Laçında olduğunu, Füzuli və Zəngilanın ardınca orada da növbəti beynəlxalq hava limanı açılışında iştirak etdiyini xatırlatdı və bu gün Prezident İlham Əliyevin komandanlığı ilə işğaldan azad edilən Qarabağın hər bir guşəsinin bərpa və inkişaf meydançası olduğunu vurğuladı: “Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şahidi olmaq imkanı verdi. Bu gün Prezident İlham Əliyevin komandanlığı ilə işğaldan azad edilən Qarabağın hər bir guşəsi vahid tikinti-bərpa meydançasının tərkib hissəsidir”.

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsini cənab İlham Əliyevin liderliyi ilə Maraşın qəlbinə vurulan qardaşlıq möhürü kimi dəyərləndirən qardaş Türkiyənin Prezidenti burada atılan hər addımda, vurulan hər mismarda, – istər Anadoluda, istər Azərbaycanda olsun, – türkün alın tərinin, səmimiyyəti və duasının var olduğunu bildirdi. Öz növbəsində Azərbaycan Prezidenti də zəlzələ bölgələrində yaşayan bütün insanlara, bütün türk xalqına müraciət edərək dedi ki, “siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var”.

Bu gün Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində yaşanan canlılıq, dirilik, birlik və bərabərlik ovqatı bir daha göstərdi ki, Azərbaycan dövlətinin təşəbbüsü və maddi-mənəvi dəstəyilə tikilən, qurulan bu məhəllə, bu şəhərcik sadəcə yeni yaşayış massivi deyil. “Azərbaycan” məhəlləsi iki qardaş ölkəni daha da sıx birləşdirən, bir-birinə möhkəm tellərlə bağlayan növbəti qardaşlıq körpüsüdür. Başqa sözlə desək, “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın birlik, həmrəylik abidəsidir, xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisi olan “Bir millət, iki dövlət” kəlamının həyata keçirilməsinin bariz nümunəsidir. Bu gün Kahramanmaraşda, “Azərbaycan” məhəlləsində bir araya gələn iki qardaş ölkənin liderləri Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan Prezidentinin çıxışının sonunda qətiyyət və inamla səsləndirdiyi kimi, yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »