Vladimir Solovyovu televiziya aparıcısı, jurnalist adlandırmaq olmaz. Bu adam peşəkar jurnalistika prinsiplərindən çoxdan üz çevirib. O, artıq rəsmən Kremlin təbliğatçısı kimi fəaliyyət göstərir və qeyri-ruslara qarşı şovinizmin əsas ruporlarından biri sayılır. Solovyov xüsusən də türk xalqlarına qarşı dözümsüz münasibətilə fərqlənir. Azərbaycana qarşı dərin nifrət hissi bəslədiyini isə hər fürsətdə büruzə verir. Onun Rusiyanın dövlət televiziya kanalı sayılan “Rossiya 1”-də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirməsi də sözügedən nifrətin təzahürüdür.
Bu irqçi-neofaşist “jurnalist”in bizə qarşı sonsuz nifrətinin əsas səbəblərindən biri ilk növbədə onun qatı ermənipərəstliyindən qaynaqlanır. Erməniləri yerli-yersiz müdafiə etmək üçün V.Solovyov Azərbaycana qarşı hər cürə iyrənc təbliğat üsullarına əl atmağa hazırdır. Onun yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın bu yaxınlarda Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılması da Solovyovun Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik etməsi üçün növbəti fürsətə çevrilib. Karapetyanın müdafiəsinə qalxmaq adı altında canlı yayımda birbaşa erməni xalqına müraciət edən bu təxribatçı “aparıcı” Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağla bağlı yenə də əsassız, sərsəm fikirlər səsləndirib.
Separatçı ermənilərin xoşuna gəlmək üçün Qarabağı “Artsax” kimi təqdim edən Solovyov hazırkı Ermənistan hakimiyyətini Qarabağı “hədiyyə etmək”də günahlandırıb. Eyni zamanda, o, erməni xalqına üz tutaraq, onu da gələcəkdə “Qarabağın taleyi gözlədiyini” iddia edib. Solovyovun bu sayıqlamaları təbii ki, Kremlin rəsmi mövqeyinə ziddir. Çünki Vladimir Putin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dəfələrlə çıxışlarında qeyd edib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da bu yaxınlarda Vladimir Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırmasına cavab olaraq “Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır” bəyanatı ilə bu mövzuda spekulyasiyalara son qoydu.
Lakin görünən budur ki, Rusiyanın hakim dairələrində Solovyov kimiləri, Zatulin kimiləri Azərbaycanın əleyhinə qısqırdan, Qarabağ üzərindən yeni manipulyativ planlara rəvac verən başqa qüvvələr də var. Əks təqdirdə, bu şovinistlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan fikirlər səsləndirməyə, Qarabağı “Artsax” kimi təqdim etməyə və Ermənistan-Azərbaycan sülh prosesinə zidd mövqe sərgiləməyə cəsarət etməzdilər.
Solovyov Ermənistanın radikal-millətçi, revanşist dairələrinə və şər yuvası olan erməni kilsəsinin (Erməni Apostol Kilsəsi) Samvel Karapetyan kimi sponsorlarına “vəkil”lik etməklə həm Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurur, həm də Kremlin özünü pis vəziyyətdə qoyur. Biz Kremlin bu cür qeyri-adekvat propaqandistlərlə bağlı ölçü götürəcəyini, müvafiq tədbirlər görəcəyini gözləyirik. Kreml nəzərə almalıdır ki, Solovyov jurnalist kimi yox, media terrorçusu kimi çıxış edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.