Vüqar Qurbanov: Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub – MÜSAHİBƏ

Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həyata keçirir. Bu fəaliyyət daxilində əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlılığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək əsas məqsəddir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tibb sahəsində görülən işlər və hədəflər barədə “Report”un suallarını cavablandırıb.

– TƏBİB-in bu ilin ötən dövrü üçün fəaliyyətini necə qiymətləndirirsiniz? Tibb müəssisələrinin idarəetmə modeli, infrastrukturun optimallaşdırılması, kadr potensialının gücləndirilməsi, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və pasiyent məmnunluğunun artırılması istiqamətində nə kimi yeniliklər nəzərdə tutulub?

– Dövlət tibb müəssislərində idarəetmənin optimallaşdırılması, rəqabətədavamlı, müasir səhiyyə infrastrukturunun formalaşdırılması hər zaman TƏBİB-in prioriteti olaraq qalır. Əsas hədəflərimizə çatmaq üçün daim axtarışdayıq və yeniliklərin davamlı olması üçün qlobal tendensiyaları izləyirik. Səhiyyəmizin inkişafı istiqamətində görülən işlərin sürətləndirilməsi məqsədilə müntəzəm olaraq əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsini yüksəltməyə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirməyə çalışırıq. Hesab edirəm ki, qısa müddətdə bir çox nailiyyətlər əldə etmişik və daha da uğurlu nəticələrə nail olmaq üçün strateji hədəflərimiz var.

Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibb müəssisələrinin təmiri, xəstəxanaların ixtisaslı tibbi kadrlarla təmin olunması, o cümlədən xarici ölkələrdə təhsil alan və çalışan həmvətənlərimizin ölkə səhiyyəsinə qazandırılması, tibb və qeyri-tibb personalının bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların təlimlərə cəlb olunması üçün genişmiqyaslı işlərin görülməsi, vətəndaşlara ambulator və stasionar xidmətlərin göstərilməsi üçün tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi intensiv olaraq davam etdirilir.

Dövlət tibb müəssislərində idarəetmənin optimallaşdırılması, rəqabətə davamlı, daha yüksək və əlçatan tibbi xidmətin təmin edilməsi hər zaman prioritet təşkil edib. Bu məqsədlə tibb müəssisələrində günün tələbinə uyğun mütəmadi struktur və infrastruktur optimallaşdırılması həyata keçirilir.

Ötən müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa iştirakı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanası, Yeni Klinika, Qəbələ Rayon Mərkəzi Xəstəxanası, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası kimi böyük müəssisələr istifadəyə verilib. Hazırda həmin müəssisələr əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılmasında önəmli rol oynayırlar.

Bakının ən məşhur xəstəxanalarından olan Kliniki Tibbi Mərkəz, Sabunçu Tibb Mərkəzi əsaslı təmir olunub, modernləşib, Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzində isə əsaslı təmir işləri aparılır.

İnvaziv-kardioloji əməliyyatların icra olunduğu Lənkəran, Şirvan, Şəki ürək mərkəzləri yaradılıb və bu gün fəaliyyətlərini uğurla davam etdirirlər. Bu mərkəzlərdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi, koronar angioqrafiya, koronar angioplastika, perikardiosentez kimi kardioloji xidmətlər, eləcə də Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT) kimi radioloji xidmətlər göstərilir. Eyni zamanda, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəz yaradılıb. Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb. Mərkəz bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılması məqsədilə yaradılıb.

Bundan əlavə, vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiya işinin optimallaşdırılması, əhali arasında vərəm və ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadə edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Görülən işlər sırasında 100 ildən çox tarixi olan təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yenidən təşkil olunması xüsusi əhəmiyyət daşıyır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sistemli şəkildə qurulmasıdır.

Keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır. Ötən il müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd yeni təcili tibbi yardım avtomobili satın alınıb. Həmin avtomobillər texniki spesifikasiyasına görə sadə, differensiallı, standart və reanimobil təcili tibbi yardım maşınları olub.

Rəqəmsallaşma sahəsində aparılan işlər də daim diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il avqustun 1-də imzaladığı “Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmana əsasən dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesi sürətləndirilib, rəqəmsal idarəçilik tətbiq olunmağa başlanılıb.

Vətəndaşlar üçün tibbi xidməti daha çevik və əlçatan etmək üçün TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma və informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Bu sahədə aparılan işlərin tərkib hissəsi kimi “İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb.

Keçən il mayın 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olub. Onlayn növbə sisteminin qurulması da önəmli addımlardandır. Layihənin tətbiqi xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına, tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir edib. Struktur islahatlarının aparılması tibbi xidmətlərin keyfiyyətinin daha da artırılmasını, eyni zamanda proseslərin daha da dəqiq, operativ idarə olunmasını və nəzarətdə saxlanılmasını təmin edib.

– Tibb müəssisələrinin avadanlıqlarla təchiz edilməsi istiqamətində TƏBİB-in son dövrlər həyata keçirdiyi əsas yeniliklər nələr olub?

– Tibb müəssisələrinin yeni tibbi avadanlıqlarla təmin olunması prosesi bir neçə tibbi istiqamət üzrə həyata keçirilir. Azərbaycanda insult üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrinin (mərkəz və şöbələrinin) insult üzrə beynəlxalq sertifikasiyasına başlanılıb. Artıq bu istiqamətdə hazırlıq işlərinin görülməsi, tibb müəssisələrinin fəaliyyətinin və təşkilati strukturunun qiymətləndirilməsi, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması işləri icra olunur.

İlkin mərhələdə Yeni Klinika ixtisaslaşmış insult mərkəzi olmaqla, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ilkin səviyyədə sertifikatlaşdırılma prosesinə cəlb olunması nəzərdə tutulur. Sadaladığım tibb müəssisələrinin insultun müalicəsi və reabilitasiyası istiqamətində yeni tibbi avadanlıqlar ilə təmin olunması prosesi də mərhələli şəkildə həyata keçirilir. Bu sertifikasiya Ümumdünya İnsult Təşkilatının əsas meyarlarına uyğun olaraq müəyyənləşdirilir.

Bundan başqa, TƏBİB-in tabeliyində 10 ixtisaslaşmış oftalmoloji mərkəzin yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb. Hemodializ mərkəzlərində avadanlıqların yenilənməsi işləri də davam etdirilir. Bu istiqamətdə 91 ədəd yeni avadanlıq satın alınıb. Bu siyahını kifayət qədər genişləndirmək olar, təchizat və təminat tələbata, eləcə də plana uyğun olaraq davamlı əsaslarla həyata keçirilir.

– Azad olunan ərazilərə əhalinin köçü və məskunlaşma sürətlə davam edir. Həmin ərazilərdə tibbi xidmətin təşkilində vəziyyət necədir? Yaxın zamanda hansı ərazilərdə yeni tibb müəssisəsinin inşası və ya açılışı nəzərdə tutulur?

– İşğaldan azad edilən ərazilərdə dövlət qurumlarında, təmir-tikinti şirkətlərində çalışan və köç edən vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün TƏBİB tərəfindən ailə sağlamlıq mərkəzləri (ASM), modul tipli xəstəxana, tibb məntəqələri, poliklinikalar qurulub. Bir qədər konkretləşdirsək, hazırda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalıda ASM, Şuşa, Zəngilan, Ağdamda modul tipli xəstəxana, Xankəndində poliklinika və Ağdərədə xəstəxana fəaliyyət göstərir. Bu xidmətlərin əhatə dairəsi zamanla, köç prosesinə uyğun olaraq genişləndiriləcək.

Ölkədə dövlət tibb müəssisələrinin inşası və əsaslı təmiri Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə daxildir. Təmiri və inşası bitdikdən sonra təhvil alınan dövlət tibb müəssisələrində tibbi xidmətin təşkili isə TƏBİB-in səlahiyyətləri çərçivəsindədir. Bu istiqamətdə gələcək planlarımıza gəldikdə isə azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb. 81 kənd, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş dislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib.

– Ölkədə ilkin və ambulator, eləcə də stasionar tibbi xidmətlərin təşkilində vəziyyəti necə qiymətləndirirsiniz?

– Bu ilin əvvəlində ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və yeni modelin hazırlanması istiqamətində TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iştirakı ilə Milli Məclisin Səhiyyə Komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmə keçirilib. Layihənin məqsədi əhalini ehtiyaclarına uyğun keyfiyyətli ilkin tibbi-sanitariya yardımı ilə təmin etməkdir.

Bundan əlavə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihəyə başlayıb.

Pilot layihənin tətbiqi ilə biz ona nail olmalıyıq ki, vətəndaşlar yalnız xəstələndikdən sonra tibbi yardım almağa çalışmasınlar, onlar həm də profilaktikaya üstünlük versinlər. Çünki bu xidmət əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaqla yanaşı, ümumi iqtisadi məhsuldarlığın artmasına da təkan verir. Azərbaycanda bu gün ilkin səhiyyə xidmətinə müraciət saylarına baxsaq, görərik ki, ilkin tibbi-sanitariya yardımına ildə adambaşına müraciət sayı digər ölkələrin müvafiq göstəricilərindən təxminən 10 dəfə aşağıdır. Ölkə üzrə ilkin-tibbi sanitariya yardımının optimallaşdırılması və yenidən təşkili istiqamətində görüləcək işlər gələcəkdə daha yaxşı nəticələrə gətirib çıxaracaq.

– Bu gün tibb işçisi hansı çətinlik və çağırışlarla üz-üzədir?

– Çox haqlı sualdır. Həkim və ümumiyyətlə, tibb işçisi olmaq yalnız bir peşə seçimi deyil – bu, həm də insanın həyat missiyasıdır. Çətinliklər bu yolun ayrılmaz hissəsidir. İlk növbədə, qeyd edim ki, tibb işçisi ömürboyu öyrənən, daim yenilənən və dəyişən bir sistemin içində qalmaq məcburiyyətindədir. Tibbi biliklər hər gün yenilənir, texnologiyalar dəyişir və xəstələrin ehtiyacları da dəyişir. Bu, həm fiziki, həm də zehni baxımdan ciddi yüklənmə deməkdir. Amma peşənin çətin tərəfi yalnız elmi və texniki deyil. Tibb işçisinin emosional yükü, etik məsuliyyəti və ictimai gözləntilərin təzyiqi də az deyil. Onlar hər gün fərqli insan hekayələri ilə qarşılaşır – sevinc, ağrı, itki, gözləmə, ümid və bəzən ümidsizlik. Və bu hisslərin hamısı tibb işçisinin ruhuna toxunur.

Digər bir mühüm məsələ – dəyərləndirilmə duyğusudur. Tibb işçiləri çox zaman fiziki gücdən və emosional enerjidən istifadə edir, amma buna uyğun sosial və maddi təminat, cəmiyyət tərəfindən göstərilən anlayış və empatiya bəzən yetərli olmur. Bu da zamanla tükənmişlik sindromuna, peşəkar motivasiyanın azalmasına və bəzi hallarda hətta səhvlərə də yol aça bilir. TƏBİB olaraq bu çağırışları yalnız bir-birinə bağlı epizodik çətinliklər kimi deyil, sistemli və uzunmüddətli həll tələb edən kompleks məsələ kimi qiymətləndiririk. Tibb işçisinin psixoloji təhlükəsizliyi, peşəkar inkişaf imkanları, etik dəstəyi və sosial statusu bizim üçün prioritet istiqamətlərdəndir.

Hazırda üzərində işlədiyimiz təşəbbüslər sırasında işçi rifahı və risklərə qarşı dəstək proqramları, daimi təlimlər və peşəkar sertifikasiya sistemlərinin təkmilləşdirilməsi, sağlam kommunikasiya və pasiyent-həkim münasibətlərini yaxşılaşdıran təşəbbüslər və ən əsası, tibb işçisinin özünü dəyərli və güvəndə hiss edəcəyi bir ekosistemin yaradılması var. Əgər biz onların çətinliklərini vaxtında anlayıb dəstək olmasaq, heç bir texnologiya, heç bir struktur modeli insan həyatını qorumaqda kifayət etməyəcək. Bunu yalnız idarəedici kimi yox, bir vətəndaş kimi də deyirəm ki, tibb işçilərinə verdiyimiz hər bir dəstək əslində öz həyatımıza olan investisiyadır.

– TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin peşə hazırlığı, ixtisasartırma və motivasiya səviyyəsinin yüksəldilməsi üçün hansı proqramlar mövcuddur?

– Tibb işçilərinin peşəkarlığının artırılması, bilik və bacarıqların təkmilləşdirilməsi çox vacib məsələdir. Onlar daim inkişafda olmasa, öz üzərilərində çalışmasa, TƏBİB olaraq bu istiqamətdə onlara dəstək verməsək, daha yaxşı nəticələr əldə etmək mümkün olmaz. Yeri gəlmişkən qeyd edim ki, TƏBİB-də Təlim və tədqiqatlar departamenti fəaliyyət göstərir və bu departamentdə çalışan əməkdaşların əsas vəzifə öhdəliyi bu istiqamətdə zəruri tədbirlər həyata keçirməkdir.

Vüqar Qurbanov

Vüqar Qurbanov

Bundan əlavə, ötən ildən başlayaraq Yeni Klinikanın nəzdində TƏBİB Akademiyası fəaliyyət göstərir. TƏBİB Akademiyasının əsas məqsədi TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən tibb işçiləri üçün müxtəlif sahələr üzrə təlimlər təşkil etmək, bu sahədə yerli və beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin peşə hazırlığı istiqamətində beynəlxalq təşkilatlarla da əməkdaşlıq edilir. Əsasən, Ümumdünya Səhiyyə Təşkilatı, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Almaniyanın nüfuzlu “Sana Hospital Group”, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və digər təşkilatları vurğulaya bilərəm. Ümumiyyətlə, inkişaf etmək istəyiriksə, daim öz üzərimizdə işləməli, bildiyimizi digər həmkarlara da öyrətməliyik. Bu, önəmli məsələdir.

– Son zamanlar regionlarda tibb müəssisələrində kadr çatışmazlığı və keyfiyyətli xidmətə çıxışla bağlı ictimai narazılıqlar var. Bəs bu problemi aradan qaldırmaq üçün hansı addımlar atılır?

– Bildiyiniz kimi, tibb müəssisəsinə tibb işçilərinin işə qəbulu Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”na əsasən aparılır. TƏBİB və tabeliyindəki tibb müəssisələrində həkim və orta tibb heyəti üzrə bütün vakant vəzifələrin tibb işçilərinə əlçatanlığının təmin edilməsi məqsədilə vahid platforma üzərindən elan edilərək işə qəbul həyata keçirilir. Tibb müəssisələrinə işə qəbul olunmaq istəyən hər bir tibb işçisinin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə şəffaf şəraitdə müsahibə keçirilir.

Tətbiqinə başladığımız və böyük maraqla qarşılanan layihəmizdən biri 65 yaşdan yuxarı həkim heyətinin regionlarda fəaliyyət göstərən tibb müəssisələrinə cəlb olunmasıdır. Bu layihə Bakı, Sumqayıt və Abşeronda çalışmanın yaş həddinə çatmış həkim-mütəxəssislərimizin işlə təmin olunması, eyni zamanda onların timsalında regionlarda olan kadr çatışmazlığının aradan qaldırılması məqsədilə həyata keçirilib və bunun nəticəsində bir çox həkim-mütəxəssisin regionlara işə qəbulu təmin olunub.

Dövlət tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması, tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram” layihəsi həyata keçirib. Bu layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə işə qəbul olunan həkim-mütəxəssislər (uzmanlar) tabeliyimizdəki Biləsuvar, Şəki, Şəmkir, Samux, Gəncə, Ağdaş, Cəlilabad, Mingəçevir kimi şəhər və rayon mərkəzi xəstəxanalarında fəaliyyətə başlayıb. Həmin həkim-mütəxəssislər daha çox tələbat olan cərrahi və radioloji, terapevtik və pediatrik profilli ixtisaslar üzrə cəlb olunub.

2023-cü ildə TƏBİB-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünyadakı Azərbaycanlı Həkimlərin Simpoziumu (DATS) təşkil olunub. DATS-ın ölkə səhiyyəsinə qatqılarından ən önəmlisi xaricdə yaşayan həkim-mütəxəssisləri səhiyyəmizə qazandırmaqla bağlı olub. Simpoziumda iştirak edən həkim-mütəxəssislərin bəziləri TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə işə qəbul olunub.

Bir məqamı da qeyd edim ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş və anti-terror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərində məşğulluğun və məskunlaşmanın bəzi məsələləri barədə” Baş nazirin müavininin yanında keçirilmiş müşavirənin müvafiq protokollarına əsasən işğaldan azad olunmuş ərazilərdə həkim heyəti üzrə 11 namizəd, orta tibb heyəti üzrə 29 namizəd, digər kateqoriyalar üzrə isə 25 namizəd işə qəbul olunub.

– Tibb sahəsində süni intellekt, uzaqdan diaqnostika və rəqəmsal xidmətlərin inteqrasiyası hansı mərhələdədir?

– Bu gün bütün dünyada səhiyyə sahəsində də yeniliklər, müasir yanaşmalar, innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Süni intellekt sistemlərinin tibb müəssisələrində tam fəaliyyət göstərə bilməsi üçün müvafiq inteqrasiya planları nəzərdə tutulub. Bu planda Xəstəxana İdarəetmə Sistemi (XİS və ya EHR) ilə inteqrasiya, məlumatların real vaxtda AI modelləri tərəfindən təhlili və avtomatik tövsiyələr təqdim edilməsi, tibbi avadanlıqlarla əlaqələndirilmə, görüntülərin avtomatik analizi və diaqnostik qərar dəstəyi kimi proseslərin icra olunması və nəticədə süni intellektin üstünlüklərindən əhaliyə daha keyfiyyətli və innovativ tibbi xidmət göstərilməsi nəzərdə tutulub.

– Sizcə, cəmiyyətin tibb işçilərinə münasibəti son illərdə necə dəyişib?

– Düşünürəm ki, son illərdə cəmiyyətin tibb işçilərinə münasibətində ciddi və əhəmiyyətli bir transformasiya baş verib. Xüsusilə, pandemiya dövrü, bu münasibətin kəskin şəkildə dəyişdiyi və dərinləşdiyi mərhələ oldu. Cəmiyyət bir daha anladı ki, tibb işçisi yalnız xəstəni müalicə edən bir peşə sahibi deyil – o, eyni zamanda təhlükə zamanı ön cəbhəyə ilk çıxan, qorxmadan və yorulmadan xidmət göstərən bir qəhrəmandır. Əvvəllər bəzən görünməyən, gündəlik həyatın fonunda diqqətdən kənarda qalan tibb işçiləri artıq cəmiyyətin gözü önündədir. İctimai rəydə həkim və tibb personalına olan hörmət daha dərindən formalaşıb, onların əməyinin əvəzsizliyi daha geniş şəkildə dərk olunub.

TƏBİB olaraq biz də bu dəyişikliyi hiss edirik, əhalidən gələn müraciətlərdə, ictimai fikirdə və müxtəlif sosial qrupların münasibətində bu dəyişiklik açıq şəkildə görünür. Əhalinin tibbi xidmətlərdən məmnunluq səviyyəsinin ildən-ilə artması da bu mənzərənin real göstəricisidir. Amma unutmamalıyıq: bu məmnunluğun arxasında duran əsas səbəb tibb işçilərinin gecə-gündüz sərf etdikləri əzmkarlıq və yüksək peşəkarlıqlarıdır. Bir peşəkar tibb işçisinin yetişməsi azı 10-15 il davamlı təhsil, təcrübə və fədakarlıq tələb edilir. Onlar yalnız texniki biliklərlə deyil, insanlığa xidmət etməyə hazır olan bir qəlblə bu peşəyə gəlirlər. Bunu hər bir xəstəliklə üz-üzə qaldığımız an daha dərindən anlayırıq, çünki o anda etibar edə biləcəyimiz yeganə şəxs məhz həkimdir.

Biz bu nüfuzun qorunması və daha da möhkəmləndirilməsi üçün təkcə tibbi infrastruktur və idarəetmə sahəsində deyil, ictimai münasibətlər, həkim-pasiyent etikasının inkişafı, ünsiyyət bacarıqlarının artırılması və peşəkar motivasiyanın dəstəklənməsi istiqamətində də ardıcıl işlər görürük. Bu gün biz yalnız sağlamlığımızı deyil, gələcəyimizi də tibb işçilərinin güvənli əllərinə əmanət edirik. Bu səbəbdən onların cəmiyyətdə layiq olduqları dəyəri görməsi və hiss etməsi bizim üçün strateji deyil, mənəvi borcdur.

– İyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Tibb müəssisələrində çalışan minlərlə təbib üçün hansı çağırışları etmək istəyərdiniz?

– Fürsətdən istifadə edərək, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçilərinə səslənmək istəyirəm. Sağlamlığımızın keşiyində dayanan sizlər ən yüksək qiymətə layiqsiniz. İnsanlara inam, ümid və sağlıq bəxş etdiyiniz üçün hər birinizə minnətdarıq. Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparırsınız. Gündəlik zəhmətiniz, peşə borcuna sadiqliyiniz, pasiyentlərə şəfqətiniz üçün hər birinizə təşəkkür edirik. Ən çətin şəraitlərdə də vəzifəsinin öhdəsindən layiqincə gələn dəyərli tibb işçilərinin hər zaman xalqımızın sağlamlığının keşiyində uğurla dayanacağına inanırıq.

Comments are closed.

Tərcümə »