İran-İsrail eskalasiyası davam etdikcə, molla rejimi tərəfindən Azərbaycana qarşı absurd iddiaların tirajlanması səngiməyəcək

Fars-molla rejimi hətta özünün ən kritik, böhranlı günlərində də ənənəvi xislətindən əl çəkə bilmir, İsrail və ABŞ-dan sarsıdıcı zərbələr aldığı halda, Azərbaycana qarşı yersiz ittihamlar səsləndirir, cəfəng dezinformasiyalara yol verir. İranın generallarını, fiziklərini öldürən İsraildir, lakin şər yuvası olan SEPAH isə hələ də bizi asıb-kəsir, bu hərbi-siyasi “banda”ya bağlı olan mediada ölkəmizə qarşı əsassız iddialar irəli sürülür. Məsələn, SEPAH-ın rəsmi kanalında dərc olunan “İkili standartlar və Bakının təhlükəli oyunu” adlı yazıda deyilir ki, “Azərbaycan dövləti sionist rejimə neft satmaqla imkan yaradır ki, onlar təyyarələrini yanacaqla doldurub, Təbrizə zərbələr endirsinlər”.

Cənubi Qafqaz üzrə beynəlxalq ekspert kimi tanınan və SEPAH-ın da himayədarlıq etdiyi əlaltılarından biri olan Ehsan Movahedian da Azərbaycanı İsraillə hərbi-texniki əməkdaşlıq etməkdə, guya, İsrail agentlərinin Azərbaycanın Astaradakı sərhəd-buraxılış məntəqəsi vasitəsilə İrandan çıxarılmasında suçlayır. Beləliklə, komandirlərinin öldürülməsi nəticəsində başsız qalan SEPAH və onun əlaltıları bir yandan Azərbaycanı, digər tərəfdən isə Türkiyəni İsrail və ABŞ-a dəstək verməkdə, “düşmənin tərəfini tutmaq”da ittiham edir. Halbuki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İrandakı son hadisələrlə bağlı bəyanatında İsrailin zərbələrindən narahatlıq ifadə olunub və İranda sülhün, sabitliyin tezliklə bərqərar olunmasının tərəfdarı olduğumuz vurğulanıb. Eyni zamanda, Türkiyə də İranın hücuma məruz qalmasına kifayət qədər sərt reaksiya verib və İsrailin beynəlxalq hüquqa zidd davranışlarını qınayıb. Lakin İranın anti-Azərbaycan, antitürk dairələri ənənəvi, nankor mövqelərini davam etdirərək yenə də Azərbaycan və Türkiyəni qaralamağa çalışırlar. Görünən budur ki, hətta İsrailin sarsıdıcı zərbələri də fars-molla rejiminin məkrli, murdar xislətini dəyişə bilmir. “Qozbeli qəbir düzəldər” məşhur el məsəlimiz yəqin ki, məhz bu cür məqamlar üçün nəzərdə tutulub.

Ona görə də, İran-İsrail eskalasiyası davam etdikcə, molla rejimi tərəfindən Azərbaycana qarşı absurd iddiaların, ağ yalanların, məqsədli dezinformasiyaların tirajlanması səngiməyəcək. Heç şübhəsiz ki, molla rejiminin məqsədi bu yolla Güney Azərbaycandakı soydaşlarımızda Azərbaycan Respublikası ilə bağlı mənfi rəy formalaşdırmaq, ölkəmizi sionizmin dəstəkçisi kimi təqdim edərək nifrət yaratmaqdır. Özü uzun illər boyu Ermənistanın işğalçı siyasətinə dəstək vermiş və hətta 44 günlük İkinci Qarabağ müharibəsindən sonra da Qarabağdakı erməni separatçılarına silah-sursat, yanacaq yardımını davam etdirmiş İran “İslam” Respublikasının bu gün İsrailin zərbələri fonunda Azərbaycanı hədəfə alması ənənəvi fars-erməni riyakarlığının təzahürüdür.

Özləri riyakarlığın ustası olanların bu gün Azərbaycanı riyakarlıqda, ikili standartlara yol verməkdə ittiham etməsi həqiqətən də çox absurd görünür. “Adımı sənə qoyaram, səni yana-yana qoyaram” məsəlində olduğu kimi İranın molla rejimi bu gün öz xarakterini özgələrinə yapışdırmağa və ictimai rəydə bilərəkdən çaşqınlıq yaratmağa çalışır. Biz fars-erməni etnopsixologiyasının bü cür iyrənc təzahürlərinə çoxdan öyrəncəliyik. Ancaq yaxşı olar ki, İranı idarə edənlər, heç olmasa, bu cür kritik məqamda sağlam ağıla üz tutsunlar və ən yaxın qonşularını günahlandırmaq taktikasından əl çəksinlər. Nankorluq heç yaxşı hərəkət deyil.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »