Bu gün ən yeni tariximizin önəmli günlərindən biri olan 15 İyun – Milli Qurtuluş Günü qeyd olunur. 32 il əvvəl məhz bu tarixdə – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilası missiyasını rəsmən öz üzərinə götürüb, ölkəmizin ağır böhrandan çıxış yolunu və gələcək inkişaf strategiyasını elan edib. Ona görə də bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub. 1998-ci ildən etibarən isə hər ilin bu günü dövlət səviyyəsində rəsmi bayram günü kimi qeyd olunur.
15 iyun – Milli Qurtuluş Günü haqlı olaraq Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi hesab olunur. Çünki ölkədə bütün sahələrdə hökm sürən xaos, hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış və hərcmərclik, özbaşınalıq, vətəndaş qarşıdurması dövlət müstəqilliyimizi təhlükə altına almışdı. Təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, idarəçilik böhranı, ağır sosial-iqtisadi durum ölkəmizi böyük fəlakətə doğru sürükləyirdi. Ayaz Mütəllibov və AXC-Müsavat cütlüyünün hakimiyyət uğrunda mübarizəsi Azərbaycanı “ölum, ya ölüm” təhlükəsi ilə üzləşdirmişdi.
Ona görə də belə bir kritik durumda ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa hazır və qadir olan qətiyyətli və təcrübəli liderin irəli çıxmasına, idarəçilik sükanının başına keçməsinə, xalqımızın və ölkəmizin tale yükünü öz üzərinə götürməsinə ciddi ehtiyac yaranmışdı. Belə bir Lider, belə bir Xilaskar isə məhz Heydər Əliyev idi. Zəngin idarəçilik təcrübəsinə malik olan və dövlətçilik maraqlarımızı, milli mənafelərimizi hər şeydən üstün tutan Ulu Öndər Heydər Əliyevə həmin vaxt cəmiyyətin bütün təbəqələri tərəfindən olduqca böyük bir inam, ümid vardı. Hamı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı düşdüyü böhran və xaosdan çıxarmağa qadir olan yeganə layiqli şəxsiyyət məhz Heydər Əliyevdir.
Milli varlığımızın və dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir kritik məqamda dahi şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyevin ölkəyə nəzarəti itirməkdə olan Elçibəy hökumətinin dəvəti və xalqımızın təkidli tələbi ilə Bakıya gəlişi böyük dönüşün başlanğıcı oldu. Məhz bu səbəbdəndir ki, 15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi hesab olunur. Bu şanlı tarix səhifəsini yaradan isə böyük Şəxsiyyət və Ümummilli Lider Heydər Əliyevdir. Onun qayıdışı Azərbaycan xalqında həqiqətən də böyük ümidlər yaratdı. Söhbət xaosdan, hərcmərclikdən, siyasi və iqtisadi böhrandan qurtulacağımıza bəslənilən böyük ümiddən gedir. Bu mənada, Azərbaycanın ən yeni tarixini Milli Qurtuluş Günündən və bu günün əsas siması olan Ulu Öndər Heydər Əliyevin qayıdışından ayrı təsəvvür etmək əsla mümkün deyil.
Milli Qurtuluş Günü təkcə dövlətçiliyimizin xilas günü deyildi. Həmin gün Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın quruculuq missiyasını öz üzərinə götürməsi həm də ölkəmizin və xalqımızın bu gününün, sabahının inkişaf konturlarını, “yol xəritəsi”ni müəyyənləşdirdi. Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycanın gələcək uğurlarının və Zəfərlərinin açarı idi. Bu gün Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərimizin siyasi kursuna sadiq qalaraq və onun layiqli varisi kimi qalib ölkəmizi inamla gələcəyə doğru aparır. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında müstəsna rol oynayan Ulu Öndərimiz Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi daim yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.