Heydər Əliyev yalnız bir dövrün yox, Azərbaycan xalqının əbədi Lideridir

“Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onlar bir xalqın yalnız taleyini deyil, həm də gələcək nəsillərin yaşam fəlsəfəsini müəyyən edir. Məhz belə tarixi hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gündür”.

Bu sözləri Musavat.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

SABİNA SON.jpeg (95 KB)

O xatırladıb ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır və mürəkkəb sınaqlarla qarşı-qarşıya qalmışdı:

“Dövlət idarəçiliyi praktiki olaraq yox dərəcəsində idi, ölkədə xaos hökm sürürdü. Siyasi çəkişmələr, ayrı-ayrı qrupların hakimiyyət uğrunda mübarizəsi, ordu və hüquq-mühafizə orqanlarının dağınıq vəziyyəti ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi torpaqlarımızın bir hissəsi itirilmişdi”.

Deputat bildirib ki, belə bir ağır və taleyüklü zamanda xalq öz xilaskarını axtarırdı:

“Bu xilaskar isə kifayət qədər idarəçilik təcrübəsi olan, milli maraqları hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev idi. 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əvvəlcə siyasi sabitlik yaradıldı, dövlət aparatında nizam-intizam bərpa olundu. Qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycanın parçalanmaq təhlükəsi dəf edildi.

Onun uzaqgörən siyasəti nəticəsində Konstitusiya hazırlandı və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi. Hüquqi baza formalaşdı, qanunvericilik və məhkəmə sistemləri quruldu, ordu gücləndirildi. Eyni zamanda Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafının əsası oldu. “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi 1994-cü ildə imzalandı və Azərbaycan iqtisadiyyatına milyardlarla xarici sərmayənin cəlb olunmasına zəmin yaratdı. Bu, yalnız iqtisadi inkişafı deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin etdi”.

Parlamentari söyləyib ki, bu gün hər bir azərbaycanlı Heydər Əliyevi sadəcə bir siyasətçi kimi deyil, müstəqilliyimizin memarı, xalqın xilaskarı, milli dəyərlərin qoruyucusu kimi xatırlayır:

“Ümummilli liderin adı xalqımızın ruhuna yazılıb, qəlbinə həkk olunub. Qədirbilən xalqımız Ulu Öndərin əziz xatirəsini hər zaman uca tutur, çünki bu xatirə hər birimizin həyatına sabitlik, rifah və gələcək inamı bəxş edib. Onun irsi, ideyaları və Vətənə sevgisi milli kimliyimizin bir parçasına çevrilib. Heydər Əliyev yalnız bir dövrün yox, Azərbaycan xalqının əbədi Lideridir”.

S.Salmanova qeyd edib ki, bu gün fəxrlə deyilir ki, Heydər Əliyevin qoyduğu təməl üzərində müasir, qüdrətli Azərbaycan qurulub:

“Onun siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlı və ardıcıl siyasət nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimizin ərazi bütövlüyü bərpa olundu, suverenliyimiz tam şəkildə təmin edildi. Artıq bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da öz sözünü deyən, təşəbbüslərlə çıxış edən, iqtisadi və siyasi sabitliyə malik olan bir dövlətdir. Bütün bu nailiyyətlərin kökündə isə 15 İyunda atılan tarixi addım, xalqın və liderin birliyi dayanır. Əminəm ki, Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, regionda və dünyada öz mövqelərini daha da möhkəmləndirəcək”.

Comments are closed.

Tərcümə »