Bakıda keçirilən iclas türk dövlətlərinin atdığı addımların dünyada sülhə və rifaha xidmət etdiyini göstərir
Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasına ev sahibliyi etmiş Azərbaycan bu gün Türk dünyasının inteqrasiyasının gücləndirilməsi istiqamətində təşəbbüs və fəaliyyətlərini uğurla davam etdirir. TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının Bakıda keçirilməsi də bunun əyani təsdiqidir. Prezident İlham Əliyev də bu tədbiri diqqət mərkəzində saxlayaraq, TDT-nin qadın liderlərinin sözügedən iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı iclas iştirakçılarına müraciətində türk xalqlarının həyatında ailə institutunun həmişə sosial nizamın bünövrəsini təşkil etdiyini vurğulayaraq, qadınlarımızın tarixən həm ailənin mənəvi dayağı olması, həm Vətənin müdafiəsində iştirak etməsi, həm də mənəvi dəyərlərimizin qorunmasında, əxlaqi sərvətimizin yaradılmasında onların önəmli rolunu qeyd edib: “Zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır”.
Prezident, həmçinin bəşəriyyətin hazırkı sınaqlar, qlobal çağırışlar və dəyişikliklər dönəmində Türk dünyasında ailə institutunun qorunması və gücləndirilməsinin, ənənəvi dəyərlərlə dayanıqlı inkişaf və inklüzivliyin uzlaşdırılmasının vacibliyi məsələsinə də toxunub, TDT miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsini qeyd edib: “Hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır”.
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclasının iştirakçılarına ünvanlandığı məktubunda İlham Əliyev Azərbaycan dövlətinin qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyini vurğulayaraq, ölkəmizdə qadınların öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak etdiklərini, eləcə də dövlət qurumlarında layiqincə təmsil olunduqlarını bildirib.
Bakının ev sahibliyi etdiyi bu iclasın nəticələri onu göstərir ki,
Türk Dövlətləri Təşkilatı ailə və sosial siyasət sahəsində çoxtərəfli iş birliyinin güçlü bir daşıyıcısına, fəal əməkdaşlıq mərkəzinə çevrilib. Bakı toplantısı Türk dünyasının sosial həmrəylik zəminini daha da dərinləşdirəcək və mədəni-insani əlaqələri genişləndirəcək. Ortaq ağıl və könül birliyi ilə yürüyən TDT-nin qadın rəsmilərinin Bakıda keçirilən iclası türk dövlətlərinin atdığı addımların dünyada sülhə və rifaha xidmət etdiyini göstərir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.