İrəvan real sülhün tərəfdarıdırsa həm separatçıları cilovlamalı, həm də…

Erməni separatçıları erməni sərsəmliyinin və düşüklüyünün əyani güzgüsüdür. 19-20 sentyabr 2023-cü il lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində “qəbri” qazılmış separatçı rejimin Ermənistana qaçan qalıqları bu gün də gülünc və biabırçı vəziyyətlərlə üzləşməyə davam edirlər. İrəvanda fəaliyyət göstərən separatçılar “prezident seçkiləri” keçirib özlərinə yeni “prezident” seçmək cəhdləri ilə əslində bütün erməniləri ifşa etməyə davam edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bu epizodda düzgün davranaraq separatçı müxalifətə bildirib ki, “Zəngəzurda Ermənistan və Azərbaycan arasında mümkün toqquşma baş verərsə, bunun məsuliyyəti təkcə onun deyil, bütün Qarabağ ermənilərinin çiyinlərində olacaq və cəbhə xəttinə ilk Qarabağ erməniləri göndəriləcək”. Paşinyanın bu sözlərindən sonra sanki qurbağa gölünə daş atılıb və erməni separatizminin əsl riyakar siması bir daha üzə çıxıb. Belə ki, Paşinyanın bu xəbərdarlığından sonra separatçıların keçmiş sonuncu “başçı”sı Samvel Şahramanyan yenidən “prezidentliyə namizəd” olmaqdan imtina edib. Şahramanyandan əllərini üzən separatçılar “yeni namizəd” axtarışında olsalar da, lakin Ermənistan hakimiyyətinin təzyiqi səbəbindən artıq heç kim bu mənasız işin altına girmək istəmir. Beləliklə, separatçılar başçısız, yiyəsiz qalıblar.

Nikol Paşinyan hökumətinin separatçıların “prezidentliyə namizəd” axtarışlarına imkan verməməsi hazırkı situasiyada yeganə düzgün addımdır. Çünki Paşinyan anlayır ki, separatçıların İrəvanda fəallaşması Azərbaycana qarşı ərazi iddialarının gündəmdə saxlanması kimi dəyərləndirilə bilər. Bu isə rəsmi Bakıya haqlı olaraq əsas verir ki, Ermənistana qarşı təzyiqləri artırsın və Paşinyanın sülh çağırışlarının səmimi olmadığını sübut etsin. İrəvan real sülhün tərəfdarıdırsa həm separatçıları cilovlamalı, həm də katolikos II Qareginin və Köçəryan-Sərkisyan rəhbərlik etdiyi rusiyayönümlü radikal-millətçi müxalifəti neytrallaşdırıb siyasi səhnədən uzaqlaşdırmalıdır. Bu qüvvələrin sıradan çıxarılması qalıcı sülhün önünü aça bilər. Odur ki, Paşinyan öz ölkəsindəki sülh düşmənlərinə qarşı mübarizədə qətiyyət göstərməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »