Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
AHK mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:
“Əziz soydaşlar!
Sizi İslam dininin əlamətdar mərasimlərindən biri olan və özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da hər il böyük sevgi ilə, yüksək təntənə ilə qeyd olunur, birlik və həmrəylik hisslərimizi daha da gücləndirir. Artıq bir neçə ildir ki, xalqımız bu əziz bayramı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması şəraitində, Şuşa, Ağdam, Zəngilan məscidlərində bayram namazlarının qılınmasıyla, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Füzulidə, Laçında üçrəngli bayrağımızın qürurla dalğalanması fonunda qarşılayır. Böyük Qayıdışın uğurla davam etməsi milli və dini bayramlarımızı öz doğma ata-baba yurdlarında qarşılayan, qeyd edən soydaşlarımızın sayının ildən-ilə artmasıyla müşayiət olunur.
Bir sözlə, qalib Azərbaycanımızın dörd bir yanında olduğu kimi işğaldan azad edilmiş ərazilərimizdə də, o cümlədən Şuşa və Xankəndi kimi strateji şəhərlərimizdə də insanlarımızın bayram ovqatına köklənməsi o torpaqları həm tarixi ənənələrimizə qaytarır, həm də xalqımızı yeni hədəflərə doğru istiqamətləndirir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə və antiterror əməliyyatı nəticəsində düşmən işğalından azad edilən tarixi torpaqlarımızda bu gün qurbanlar kəsilir, ölməz şəhidlərimizin ruhlarına dualar oxunur.
Allah kəsilən qurbanları, oxunan duaları qəbul eyləsin. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhları şad olsun. Onların əziz xatirəsini hörmət və ehtiramla yad edir, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən hərbçilərimizə, qazilərimizə can sağlığı diləyir, bütün xalqımıza ən xoş arzularımı çatdırıram.
Bayramınız mübarək olsun, dəyərli həmvətənlər!
Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”
Comments are closed.