İndi Azərbaycanın siyasi mühitində yeni reallıqlar yaranmaqdadır

44 günlük Vətən müharibəsindən sonra hər gün gözlərimizin önündə ən yeni tariximiz yaradılır və yazılır. İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin, politoloqların və media nümayəndələrinin Qarabağa növbəti, sayca yeddinci birgə səfərinin baş tutması da ən yeni tariximizin önəmli səhifələrindən və ənənələrindən biridir.

İdeoloji yönündən asılı olmayaraq həm iqtidarı, həm də müxalifəti təmsil edən siyasilərin birgə səfərləri ölkədə siyasi dialoqun təşviqi, milli həmrəyliyin möhkəmləndirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin birbaşa yerində izlənməsinə imkan yaradır. Beləliklə, Prezident Administrasiyasının təşəbbüsü ilə gerçəkləşən bu səfərlər eyni zamanda həm partiyalararası dialoqu dərinləşdirir, həm də müxtəlif ictimai-siyasi institutların Qarabağda aparılan bərpa-yenidənqurma proseslərinə canlı şahidlik etməsini təmin edir. Bu baxımdan, sözügedən birgə səfərlərin təşkili siyasi və mənəvi-psixoloji cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Cəbrayıl və Zəngilana təşkil edilən birgə səfəri də orada görülən işlərlə tanış olmaq baxımından yüksək qiymətləndiririk. Səfər əsnasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasilər qarşısında çıxış edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfərlərin əhəmiyyəti barədə fikirlərini bölüşdü, Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev isə görülən işlər barədə və gələcək planlarla bağlı bizə ətraflı məlumat verdi. Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda həqiqətən də çox böyük işlər görülüb. Vandal ermənilərin viran qoyduğu yurd yerlərimizdə aparılan quruculuq işləri həm sürətlə, həm də planlı şəkildə həyata keçirilir. Savaş meydanından qalib çıxan dövlətimizin quruculuq meydanında da böyük bir əzmkarlığını müşahidə edirik. Bu baxımdan Cəbrayılda və Zəngilanda gördüyümüz yeniliklərdən qürur hissi keçirməməyimiz mümkünsüz idi.

Beləliklə, işğalın və müharibənin yaraları sürətlə sağalır, “Böyük Qayıdış” strategiyası uğurla davam etdirilir, 33 il öncə öz yurdlarını məcburən tərk etməli olan soydaşlarımız indi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə yenidən doğma ocaqlarına geri dönürlər. Sözün bütün mənalarında Qarabağa həyat yenidən qayıdır. Bu gedişlə, işğaldan azad edilmiş ərazilərimizin hər tərəfi, hər kəndi, hər qəsəbəsi tezliklə soydaşlarımızın isti nəfəsiylə isinəcək, yenidən dirçələcək. Bu baxımdan, dövlətimiz azad edilmiş ərazilərə bu cür birgə səfərləri təşkil etməklə, əslində, biz siyasiləri də bərpa və yenidənqurma prosesinin, dirçəliş estafetinin, Böyük Qayıdış hərəkatının bir parçasına, şahidlərinə və iştirakçılarına çevirir. Bu, olduqca mühüm məqamdır və postmüharibə dövrünün təqdirəlayiq müsbət siyayasi yeniliyidir.

Belə ki, dövlətimiz olduqca fərqli siyasi spektri əhatə edən bu cür birgə səfərləri təşkil etməklə həm siyasi dialoq və milli həmrəyliyin yeni mərhələsinə keçidi təmin edir, həm yeni siyasi mədəniyyət, siyasi kommunikasiya formalaşdırır, həm də quruculuq və qayıdış prosesində cəmiyyətin bütün təbəqələrinin (o cümlədən siyasilərin də) ictimai iştirakçılığına zəmin yaradır. Ona görə də bu səfərlərin əhəmiyyətini qəsdən kiçiltməyə çalışan radikalların uğursuz cəhdlərinin bizim üçün heç bir önəmi yoxdur. Onlar real siyasi proseslərdən kənarda qaldıqlarına görə virtual məkanda suyu bulandırmağa, işğaldan azad edilmiş ərazilərə siyasilərin birgə səfərlərinin təşkil edilməsinə neqativ münasibət formalaşdırmağa çalışırlar.

Ancaq əsl həqiqətdə isə müxalif partiyaların rəhbərlərinin iqtidar nümayəndələri ilə birgə səfərlərə qatılması, onların işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olması bütövlükdə müxalifətin ölkə siyasətində layiqli yerini tutması üçün yaxşı başlanğıcdır. Bu, iqtidarla müxalifət arasında qarşılıqlı etimadı artırmaqla yanaşı, siyasi legitimliyi də təmin edir. Prezident Administrasiyası tərəfindən tərəfindən təşkil edilən bu səfərlər siyasi həmrəyliyi, milli birliyi təşviq edir. Radikalllar başa düşməlidirlər ki, meydan psixologiyası, nifrət ritorikası, hər şeyi qara rəngdə görmək ənənəsi artıq çoxdan keçmişdə qalıb. İndi Azərbaycanın siyasi mühitində yeni reallıqlar yaranmaqdadır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »