Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
İctimai Rəy xəbər verir ki, təbrikdə deyilir:
““Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə mənə ünvanladığınız təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə bu əlamətdar ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Sizinlə tam razıyam ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirmişdir.
Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.
İnanıram ki, xalqlarımızın qardaşlığı, ortaq tarixi-mədəni kökləri, mənəvi dəyərləri kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan ənənəvi dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Hörmətli Kasım-Jomart Kemeleviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.
Comments are closed.