Azərbaycan milli komandasının Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olması, əsl peşəkar və mübariz performans nümayiş etdirib dünya çempionu kubokunu qazanması ölkəmiz adına həqiqətən də böyük uğurdur. Bu mənada Prezident İlham Əliyev “Azərbaycana qələbələr yaraşır” deməkdə tamamilə haqlıdır. Hərb və siyasət meydanındakı uğurlarımız, 44 günlük Vətən müharibəsindəki və 23 saatlıq antiterror əməliyyatındakı tarixi zəfərlərimiz bu gün idman arenalarında tam və qəti qələbələrimizə çevrilməkdədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmənin başını əzən Dəmir Yumruğu bu gün bütün sahələrdə Qələbə rəmzinə çevrilməkdədir. Millətimizin əzmkar ruhu, birlik ovqatı, qurub-yaratmaq ənənəsi, yaxşı işlərə imza atmaq xüsusiyyəti bütün sahələrdə özünü göstərməkdədir.
Bu baxımdan idmanın ən populyar və kütləvi sahələrindən biri olan futbolda da nəhayət ki, öz sözümüzü deməyin, imzamızı təsdiqlətməyin zamanı çatmışdı. Çünki futbol azərkeşlərimiz uzun illər idi ki, öz komandalarımızın timsalında yaxşı futbol seyr etməyə, qələbə sevincini yaşamağa və bölüşməyə tamarzıydılar. “Qarabağ” FK-nı çıxmaq şərtilə həm klub komandalarımızın, həm də millimizin uğursuz oyunları insanlarımızda haqlı olaraq narazılıq doğururdu. Lakin Azərbaycan Minifutbol Federasiyası isə yeni yaradılmasına baxmayaraq, çox qısa müddət ərzində həm yüksək səviyyəli milli komanda formalaşdıra bildi, həm də ayrı-ayrı klubların təsis olunmasına şərait yaratdı, milli çempionat təşkil etdi, favorit klublarımızın beynəlxalq kuboklarda çıxış etmək imkanları yarandı. Və budur, görülən işin, çəkilən zəhmətin parlaq nəticəsi artıq göz qabağındadır. Həmçinin, çempionatın təşkili tərəfi də yüksək səviyyədə idi. Bakı qlobal humanitar forumlara, COP-29 kimi dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi etdiyi kimi, minifutbol üzrə dünya çempionatının təşkilatçılığını da yüksək səviyyədə həyata keçirməyi bacardı.
Cənab Prezidentimizin qazanılan bu böyük uğuru, çəkilən əzyyəti yüksək qiymətləndirməsi də ayrıca qürur verir. Minifutbolçularımız Prezidentimizin tez-tez vurğuladığı “Biz birlikdə güclüyük” gerçəyini əməldə, real mübarizə meydanında təsdiqləməklə birlik ruhumuzu, həmrəylik duyğularımızı daha da gücləndirdilər. Prezident İlham Əliyev bu gün minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən gənc futbolçularımızın bu qələbəsinə çox yüksək qiymət verdi, dünya çempionluğunu qazanmağımızı tarix yazmaq kimi dəyərləndirdi və onu da qeyd etdi ki, Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbələr qazanan ölkədir: “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var… Bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında Azərbaycan qələbə qazanan ölkədir. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.
Dövlətimizin başçısı milli komandamızın bütün üzvlərinin məhz Azərbaycanda yetişdirilmiş gənclərdən, öz xalqımızın yetirmələrindən ibarət olmasını da xüsusi olaraq qeyd etdi: “Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır”. Bu da bir daha onu göstərdi ki, “biz futbol oynamağı bacarmırıq”, “komanda oyunları bizlik deyil” kimi qəsdən tirajlanan, süni surətdə beyinlərə yeridilməyə çalışılan xain fikirlər, məkrli yanaşmaların hamısı çürük və tamamilə əsassızdır. Minifutbol üzrə milli komandamızın fədakar futbolçuları sübut etdilər ki, biz bir ailə kimi olmağı, komanda ruhunu nümayiş etdirməyi və qələbə qazanmağı bacaran bir ölkənin, bir millətin övladlarıyıq.
Prezident İlham Əliyev minifutbolçularımızla görüş zamanı bu məqamı ayrıca olaraq vurğuladı və onların birlik, həmrəylik ovqatını yüksək qiymətləndirdi: “Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər. Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər”.
Beləliklə, biz bu gün dünya çempionluğuna imza atan bir ölkəyik. Bu çempionluq həqiqətən də böyük əziyyət, zəhmət hesabına qazanılıb. Futbolçularımızla gerçəkdən qürur duyur və Cənab Prezidentin təbriklərinə qoşularaq, biz də Azərbaycan Həmrəylik Komitəsi adından Minifutbol Federasiyasını, minifutbol üzrə milli komandamızın futbolçularını, məşqçilərini, mütəxəssislərini, bir sözlə, bu qələbədə payı, töhfəsi olan hər kəsi ürəkdən təbrik edir, bu cür qələbələrin davamlı olmasını diləyirik. Əminik ki, böyük futboldakı klublarımız da bundan sonra fərqli performans sərgiləyəcək və öz qələbələri ilə bizi tez-tez sevindirəcəklər.
Təbriklər və uğurlar, Azərbaycan!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.