Ermənistanın mina terroru müasir barbarlığın ən qorxunc formalarından biri kimi davam edir. Son 4 gündə 4 partlayışın baş verməsi və insanlarımızın ağır xəsarətlər alması bunun bariz göstəricisidir. Belə ki, son bir həftədə Kəlbəcər, Goranboy və Ağdərə rayonlarında 4 dəfə mina partlayışı qeydə alınıb. Bu partlayışların nəticəsində biri hərbçi olmaqla dörd nəfər vətəndaşımız müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında hətta ayağı amputasiya olunanı da var. Bir həftə ərzində ard-arda baş verən bu mina partlayışları bir daha Ermənistanın mina terrorunun qorxunc mənzərəsini bütün dəhşəti ilə əyani nümayiş etdirir.
Xatırladaq ki, son 5 il ərzində (Vətən müharibəsindən sonra) 202 min hektardan artıq ərazi ANAMA tərəfindən mina və döyüş sursatlarından təmizlənsə də və bu müddət ərzində 196 mindən çox mina və sursat aşkarlanıb zərərsizləşdirilsə də, lakin yüz minlərlə mina hələ zərərsizləşdirilməmiş vəziyyətdə qalmaqdadır. Çünki olduqca geniş miqyasda ərazilərimiz minalarla çirkləndirilib. Söhbət 30 illik işğal dövründə və İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində (19-20 sentyabr 2023-cü il antiterror əməliyyatına qədər) ermənilər tərəfindən ərazilərimizdə təxminən 1 milyondan artıq minanın basdırılmasından gedir. Ona görə də işğaldan azad edilmiş ərazilərimizdə tez-tez mina partlayışları baş verir, insanlarımızın həyatı təhlükə altına düşür. Postmüharibə dövründə (son 5 ildə) mina partlayışları nəticəsində həlak olan və ya yaralanan Azərbaycan vətəndaşlarının sayı artıq 400 nəfərə çatıb.
Beləliklə, işğaldan azad edilmiş ərazilərimizdə yaşayan dinc sakinlərimiz də, bərpa-yenidənqurma işləri ilə məşğul olan müxtəlif qurumların çoxsaylı əməkdaşları da, habelə polislər və hərbçilər də hər an mina terroru təhlükəsi ilə üz-üzədirlər. Azərbaycan dövləti mina terroru ilə bağlı həm Ermənistan tərəfinə, həm də əlaqədar beynəlxalq qurumlara dəfələrlə müraciət edib. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında qeyd edib ki, biz ərazilərimizin minalardan təmizlənməsiylə bağlı ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk. Dövlətimizin başçısı, həmçinin Ermənistanın mina terroruna son qoymaq üçün beynəlxalq səylərin artırılmasının vacibliyini də vurğulayıb, dünya birliyini rəsmi İrəvana təsir göstərməyə çağırıb. Ancaq dünya birliyi isə çox təəssüf ki, Ermənistanın mina terroruna göz yummağa davam edir.
Son 4 gündə Azərbaycan ərazilərində ard-arda baş verən mina partlayışlarının dinc sakinlərə zərər vurması beynəlxalq təşkilatların hərəkətə keçməsi üçün ciddi əsas verir. Ermənistana havadarlıq edən qüvvələr də bilməlidirlər ki, yaşayış məntəqələri və qəbiristanlıqların ermənilər tərəfindən minalanması kimi mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və eyni zamanda, keçmiş məcburi köçkünlərimizin öz evlərinə qayıtmasına mane olur. Mina terroru Ermənistanın faşist dövləti olduğunu, erməni barbarlarının işğal dövründə torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiyini isbatlayır. Erməni faşizmini dəstəkləyənlər mina terroruna görə də məsuliyyət daşıyırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.