Hindistanın millətçi rəhbərliyi Laçın Zirvə görüşündən narahat olmaq əvəzinə, Ermənistanı silahlandırmaq siyasətindən əl çəkmək haqqında düşünməlidir

Başa çatmaqda olan həftənin ən diqqətçəkən önəmli məqamlarından biri Hindistanın Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın Zirvə görüşünə aqressiv reaksiyası, digəri isə ABŞ Prezidenti Donald Trampın 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin sülh, enerji və təhlükəsizlik kursunu tam dəstəkləməsi və eyni zamanda, ən yaxın adamlarından, dəstəkçilərindən biri sayılan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi Bakıya göndərməsi oldu.

Biz Laçında keçirilən Üçtərəfli Zirvə görüşünü dostluğun, qardaşlığın, Türk-İslam həmrəyliyinin parlaq təzahürü kimi qiymətləndiririk. Liderlər bu Zirvə toplantısında ölkələrimiz arasında bütün sahələrdə – siyasi, iqtisadi, hərbi, humanitar və sair sahələrdə birgə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəldilər və həm regional, həm də qlobal miqyasda çox önəmli mesajlar verdilər. Bu mesajların arasında sülhlə bağlı çağırışlar da vardı. Lakin anti-Azərbaycan mövqeli qüvvələrin, Türkiyə və Pakistana qeyri-dost münasibəti bəsləyən ölkələrin Laçın Zirvəsinə qısqanc və məkrli reaksiyaları onların sülhə yox, eskalasiyaya meylli olduğunu göstərir. Hindistan mətbuatının və ekspertlərinin Ermənistan, İran kimi ölkələrlə Azərbaycan, Türkiyə və Pakistana qarşı analoji birlik yaratmağa çağırmaları isə, ümumiyyətlə, sərsəmliyin və fobiyanın ən yüksək həddidir.

Laçın Zirvə görüşünün nəticələri nə Hindistana, nə də hər hansı başqa bir ölkəyə qarşı yönəlməyib. Lakin bu Zirvə görüşünün Hindistanda əsassız reaksiyalara səbəb olması, indusların ciddi narahatlıq keçirməsi heç cürə anlaşılan deyil. Hindistanın millətçi, irqçi rəhbərliyi Laçın Zirvə görüşündən narahat olmaq əvəzinə, Ermənistanı silahlandırmaq, onu revanşizmə təhrik etmək siyasətindən əl çəkmək haqqında düşünməlidir. Hindistanın baş naziri Narendra Modi Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda eskalasiyaya, yeni müharibəyə şərait yaratdığına görə məsuliyyət daşıyır. Ona görə də Hindistan bu gün qabaqdangəlmişlik etməməlidir. Bu ölkənin Azərbaycana, Türkiyəyə və Pakistana qarşı davakar, aqressiv mövqe tutmasını cavabsız qoymamaq bizim təbii haqqımızdır.

Lakin ən maraqlı məqamlardan biri də budur ki, Hindistanı öz təsir dairəsinə daxil edən Amerika Birləşmiş Ştatları Azərbaycan və Türkiyə ilə münasibətlərə xüsusi önəm verir. Bunu ABŞ Prezidenti Donald Trampın 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlamasından və Laçın Zirvəsindən dərhal sonra, mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin Bakıya səfərə gəlməsindən də görmək mümkündür.

Donald Tramp təbrik məktubunda qeyd edib ki, “30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”. Beləliklə, Azərbaycanın sülh, enerji və təhlükəsizlik kursuna dəstək nümayiş etdirən ABŞ Prezidentinin təbrik məktubu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasının təzahürü kimi qiymətləndirilə bilər. Tramp praqmatik liderdir. Ona görə də Bayden Amerikasından fərqli olaraq, Trampın Amerikası Cənubi Qafqazın lider ölkəsi kimi ilk növbədə məhz Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir.

Trampın dərin etimad bəslədiyi ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns də Prezident İlham Əliyev ilə mayın 29-da görüşü zamanı Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu dedi. Senator, həmçinin fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxundu. Prezidentlə görüşən amerikalı senatorun bu fikirləri onu göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinin ABŞ üçün faydalı olacağını Vaşinqtonda yaxşı başa düşürlər. Tramp administrasiyası Azərbaycanın bu prosesdə açar ölkə rolunu oynadığını da düzgün qiymətləndirir. Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrildiyi, Orta Dəhlizin inkişafında oynadığı mühüm rolu danılmazdır. Bu isə dünyanın bir nömrəli supergücü sayılan Birləşmiş Ştatlarla Azərbaycan arasında əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanlar yaradır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »